Aşıq-baldır oynağı travmaları

27 Yanvar 2021
Dr. Elviz Qasımov

Axil vətəri

İnsan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin yuxarı ucu başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə keçdiyi yerdən götürür. Vətərin aşağı ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır.

Axil vətərinin təsviri verilmişdir.

Daban vətərinin tendiniti (iltihabı) və yırtığı idman zamanı ən çox rast gəlinən patologiyalardandır.

Axil vətərinin xəstəlikləri təsvir edilmişdir.

Daban vətərinin tendiniti (iltihabı) – Daban vətərini əhatə edən toxumanın iltihabı olub, daban vətərinin ağrısı, şişməsi və hərəkət məhdudiyyəti ilə xarakterizə olunan travmatik bir tablodur. Əsasən uzun məsafəyə və sürətli qaçış idmanı zamanı yarana bilər. Simptomların davam etmə müddətinə görə tendinit kəskin (< 2 həftə), yarımkəskin (2 – 6 həftə), yarımxronik (6 həftə – 6 ay) və ya xronik (> 6 ay) olaraq ayrıla bilər. Əsas simptomları daban vətəri istiqamətində ağrı və şişkinlik, baldır əzələlərinin yığılması və açılması zamanı ağrının artması, daban vətərinin hər iki tərəfində palpasiya ilə hiss edilən yerli həssaslıqdır.

Müalicə

Əsas məqamlardan biri xəstənin simptomlarının yaranmasına səbəb ola biləcək idman növlərindən uzaq durmasıdır. Baldırın üçbaşlı əzələsinin və daban vətərinin gərilməsi məşqləri, ortez istifadəsi müalicədə faydalı ola bilər. Kəskin tendinit zamanı aşağı molekul çəkili heparinin ardıcıl şəkildə 3 gün ərzində dəri altına yeridilməsi effektiv olur. Xəstəyə bədənində göyərtilərin arta biləcəyi haqqında məlumat verilməlidir. Laxtalanma problemləri olan xəstələrdə heparin terapiyası əks göstərişdir. Heparin terapiyası xəstənin bir neçə dəfə həkim qəbulunda olmasını tələb etdiyinə və qanaxma riskini artırdığına görə onun istifadəsi, yalnız müsabiqə zamanı atletlərin sürətli sağalmasını tələb edən vəziyyətlər üçün nəzərdə tutulmalıdır. Simptomların aşkar şəkildə müşahidə edildiyi hallarda iltihab əleyhinə dərman preparatlarının istifadəsi, hər zaman məsləhət görülməlidir; lakin heparinlə birgə tətbiq edilməməlidir (əvəzinə parasetamol istifadə edilməlidir). Əgər tendinit xroniki hal alarsa, qlukokortikoid inyeksiyasından istifadə edilir. Hər inyeksiya arasında bir neçə həftə keçməsi məsləhət görülür. Qlukokortikoid istifadəsi yırtıq riskini artıra biləcəyinə görə heç vaxt vətərin daxilinə inyeksiya edilməməlidir. Qlukokortikoid inyeksiyasından sonra, gərgin fəaliyyətlərə başlamazdan öncə 2 həftəlik istirahət mərhələsinə əməl edilməsi vacibdir.

Daban vətərinin yırtığı – xüsusilə 30-50 yaş qruplu kişilər arasında fiziki məşqlər zamanı, əsasən də top oyunları zamanı təsadüf edilir. Daban vətəri yırtılmış xəstələrdə demək olar ki, həmişə degenerativ dəyişikliklər müşahidə edilir. Florxinolon antibiotikləri, xüsusilə 60 yaşdan yuxarı şəxslərdə və steroidlərlə birgə istifadə edildikdə daban vətərinin yırtılma riskini artırır.

Simptomlar

Vətər yırtıqları qısamüddətli kəskin ağrılara səbəb olur. Topuğun arxa tərəfindən zərbəyə məruz qalma hissiyatı xəstəni narahat edir. Bəzi yırtıqlar ağrısız da ola bilər. Xəstə, ayaq barmaqları üzərində dura bilmir. Ayaq barmaqlarının bükücü vətərlərinin və incik əzələlərinin işlək olması halında ayağın hissəvi bükülməsi, hələ də mümkün ola bilər. Zədələnmə nahiyəsində şişlik, hematoma müşahidə edilir.

Diaqnoz

Diaqnozun qoyulmasında əsas müayinə testləri “Thompson” və “Copeland” testləridir.

Thompson” testində xəstə, üzü üstə ikən ayağını müayinə masasının kənarına uzadır və həkim baldır əzələsini sıxır. Pəncənin bükülməməsi daban vətərinin yırtığına işarə edir.

Copeland” testində xəstə, dizi 90 dərəcə bükülmüş vəziyyətində üzü üstə uzanır. Manomentr manjeti baldırın ən geniş  hissəsinə bağlanır. Ayaq bükülmüş (plantar fleksiya)  vəziyyətdə olmaq şərtilə təzyiq 100 mmHg-yə qədər qaldırılır. Vətər sağlamdırsa ayağını açması (dorsifleksiya=ekstensiya)  təzyiqin140 mmHg-yə qalxmasına səbəb olur. Əgər vətər yırtığı varsa təzyiq dəyişmir.

Maqnit rezonans tomoqrafiya (MRT), vətərin hansı hissədən yırtıldığını bilmək üçün daha informativdir.

Müalicə

Daban vətəri yırtıqları zamanı əsas müalicə üsulu cərrahidir. Əməliyyat zamanı axil vətərinin qopmuş hissələri uc uca tikilir. Əməliyyatdan sonra həmin ətraf pəncə bükülmüş (plantar fleksiya) vəziyyətdə baldır-ayaq longet tipli gips sarğısı qoyulur. 6 həftə sonra gibs sarğısı açılır, fizioterapiya verilir. Xəstə 6 ay sonra tam aktiv həyat tərzinə davam edir.

Axil vətər yırtığının təsviri və əməliyyat şəkilləri göstərilmişdir.

 

Aşıq baldır oynağı bağlarının zədələnməsi

Aşıq-baldır (Talotibial) oynağı  üç sümüyün – qamış, incik və aşıq sümüklərinin birləşməsindən əmələ gələn mürəkkəb oynaqdır. Bu oynaqda aşıq sümüyünün yuxarı oynaq və içəri topuq səthləri qamış sümüyü ilə, bayır topuq səthi isə incik sümüyü ilə birləşir. Aşıq-baldır oynağı içəri bağ, ön aşıq-incik bağı, arxa aşıq-incik bağı, daban-incik bağı vasitəsilə möhkəmlənir. Bu oynaqda bükmə və açma hərəkətləri vardır. İnsan şaquli vəziyyətdə dayandıqda ayaqla baldır arasında 90°-lik bucaq əmələ gəlir. Bükmə zamanı baldırla ayaq arasında olan 90°-lik bucaq böyüyür, açma zamanı isə əksinə kiçilir. Bükmə zamanı aşıq sümüyünün arxa, ən ensiz hissəsi baldır sümüklərinin topuq çıxıntıları arasındakı ən geniş sahəyə daxil olur və belə oynaqda içəriyə, bayıra fırlanma hərəkəti mümkün olur.

Topuğun bayır hissəsinin bağları təsvir edilmişdir

Aşıq baldır oynağı bağlarının zədələnməsinə əsas səbəb topuğun burxulmasıdır. Qəfil və tərs hərəkət nəticəsində oynaqdakı bağların və ya oynağın ətrafındakı yumşaq toxumaların gərilməsi və bəzən cırılması nəticəsində yaralanmalara topuq burxulması deyilir. Burxulmuş oynaqda şiddətli ağrı olur. Burxulmadan sonra bir neçə saat ərzində oynaq ətrafında şişlik, qızarıqlıq, hərarət artması və hərəkət məhdudluğu əmələ gəlir. Aşıq-baldır burxulması tərs bir hərəkət nəticəsində aşıq-baldır oynağı normal vəziyyətindən çıxdıqda meydana gəlir. Bu tərs hərəkət topuq bağlarından birinin və ya bir neçəsinin gərilməsinə, qismən və ya tamamilə qopmasına səbəb ola bilər. Zədələnmənin ən çox rast gəlinən yeri ön aşıq-incik bağıdır. Daban-incik bağı həmişə digər bağ zədələnmələri ilə birlikdə olmaqla zədələnmələrin 10-20%-də rast gəlinir. Arxa aşıq-incik bağı yalnız aşıq-baldır oynağının çıxığı ilə zədələnir. Nadir hallarda içəri bağın zədələnmələrinə də rast gəlinə bilər. Burxulmalar şiddətinə görə yüngül, orta və ağır dərəcə olaraq üçə bölünür.

  • Yüngül dərəcə (Grade I) : Bu, bağların zəif şəkildə gərilməsi nəticəsində baş verir və zərər minimaldır.
  • Orta dərəcə (Grade II): Bağlarda qismən qopma meydana gəlir.
  • Ağır dərəcə (Grade III) : Aşıq-baldır bağlarında tam qopma var.Müayinə zamanı aşıq-baldır oynağının qeyri stabil olduğu görülür. Şiddətli şişlik və göyərmə olur.

Bağların zədələnmə dərəcələri təsvir edilmişdir.

Aşıq-baldır oynağı burxulmasının səbəbləri aşağıdakılardır:

  • Topuğun bükülməsinə səbəb olan yıxılmalar
  • Atladıqdan və ya döndükdən sonra ayağa anormal yüklənmə
  • Qeyri-bərabər bir səthdə gəzinti və ya idman

Risk faktorları

İdman: Topuq burxulmaları, xüsusən basketbol, ​​tennis, futbol, ​​qaçış, tullanma kimi ayağın aktiv istifadəsini tələb edən idmanlarda genis yayılmış bir zədə növüdür. Bu travma fiziki çalışma ilə əlaqəli zədələnmələrin 20-30%-ni təşkil edir. Bütün basketbol zədələnmələrinin demək olar ki, yarısı və furbol zədələnmələrinin üçdə biri aşıq-baldır oynağı bağlarının gərilmələridir.

Qeyri-bərabər səthlər: Qeyri-bərabər səthlərdə gəzmək və ya qaçmaq topuğun burxulma riskini artıra bilər.

Əvvəlki topuq zədələnmələri: Ayaq burxulması və ya başqa bir zədələnmədən sonra topuğun yenidən burxulma ehtimalı daha yüksəkdir.

Zəif topuq: Aşıq-baldır oynağında zəiflik və ya elastiklik idman edərkən burxulma riskini artıra bilər.

Uyğun olmayan ayaqqabılar: Uyğun ayaq ölçüsü olmayan və ya bir fəaliyyətə uyğun olmayan ayaqqabılar, hündürdaban ayaqqabılar topuq buxulması kimi zədələnmələrə daha çox səbəb olur.

Simptomlar və diaqnoz

Aşıq-baldır oynağı burxulmasının simptomları və əlamətləri zədənin şiddətindən asılı olaraq dəyişir. Ayaq biləyi burxulma simptomları ayaqda durarkən ağrı, topuqda həssaslıq, şişkinlik, göyərmə, hərəkətlərdə məhdudluq, topuqda boşluq, sərtlik, dəri rənginin dəyişməsidir.

Aşıq-baldır oynağı burxulmalarında xəstənin şikayətlərinə və fiziki müayinə nəticələrinə görə diaqnoz qoyulur. Müayinə zamanı ayaq, topuq və pəncə ətraflı müayinə edilir. Həkim həssas nöqtələri və hərəkəti yoxlayır. Ayaqda hansı vəziyyətdə narahatlıq və ya ağrı hiss etdiyini anlamaq üçün ayaq hərəkət etdirilir. Travma şiddətlidirsə, sümüklərin sınma ehtimalını istisna etmək və ya bağ zədələnməsinin dərəcəsini daha dəqiq dəyərləndirmək üçün müəyyən müayinə üsulları tövsiyyə edilir. Rentgen: Aşıq-baldır oynağının rentgenoqrafiyası həmin bölgədə  sümüklərdə sınıq olub-olmadığını araşdırır. Bu məqsədlə xəstə az miqdarda radiasiyaya məruz qalır.

Maqnit rezonans tomoqrafiya (MRT): bağlar da daxil olmaqla topuğun yumşaq toxumalarını ətraflı şəkildə dəyərləndirmək mümkündür.

Kompyuter tomoqrafiya (KT): Oynağı əmələ gətirən sümüklər haqqında daha ətraflı məlumat verir. KT-lər rentgen şüalarını istifadə edərək fərqli bucaqlardan görüntülər çəkir. 3 müstəvili şəkillər yaratmaq üçün onları birləşdirir.

Ultrasəs: səs dalğalarından istifadə edir. Ayağın müxtəlif mövqelərindəki bağların və ya vətərlərin vəziyyətini qiymətləndirməyə kömək edir.

Müalicə

Aşıq-baldır oynağı burxulmasının  müalicəsi zədənin ağırlığından asılı olaraq planlaşdırılır. Müalicənin məqsədi ağrı və şişkinliyi azaltmaq, zədələnmiş bağın sağalmasını sürətləndirmək və topuğun funksiyasını bərpa etməkdir. Burxulmalar üçün (xüsusən yüngül dərəcəli) RICE protokolu istifadə olunur.

İstirahət: (R..Rest)– Ortezlərdən istifadə etmək, ayağa yük verməmək məsləhətdir. Topuqda ağrı, şişlik və ya narahatlığa səbəb olan fəaliyyətlər dayandırılır.

Buz tətbiqi: (I..Ice)- Gündə bir neçə dəfə, hər dəfə 20 dəqiqə soyuq kompres edilir. Ancaq damar tutulması, diabet və ya ayaqlarında hissiyat itməsi olan xəstələrdə buz tətbiqi zamanı xüsusi diqqət etmək lazımdır.

Sıxılma: (C..Compression)- Elastik bir sarğı və ya xüsusi topuq sarğıları istifadə edilir. Qan dövranının pozulmaması üçün  çox möhkəm sarılmamalıdır. Şikayətlərin ciddi olduğu hallarda sağalmanın tezləşməsi üçün aşıq baldır oynağını tam stabilləşdirmək, hərəkətsiz saxlamaq məqsədilə baldır-ayaq longet tipli gips sarğıdan istifadə edilir.

Hündürlük: (E..Elevation)-  Şişliyi azaltmaq üçün ayaq ürək səviyyəsinin üstündə saxlanılır.

Müalicə zamanı əksər hallarda ibuprofen, naproksen və ya asetaminofen kimi ağrı kəsicilər kifayətdir. Şişlik və ağrı topuğu hərəkətə gətirəcək qədər azaldıqda topuğun hərəkət gücünü, elastikliyini və sabitliyini bərpa etmək üçün idman hərəkətləri və fizioterapiya tövsiyyə edilir. Bağların zədələnməsinin sağalmadığı və oynağın digər müalicə üsulları ilə sabitləşə bilmədiyi nadir hallarda, cərrahi müalicə lazımdır.

Burxulmanın  düzgün bir şəkildə müalicə edilməməsi, təkrari burxulmalar və ya burxulmadan  dərhal sonra idman fəaliyyətinə davam etmək  müxtəlif fəsadlara səbəb ola bilər. Topuq burxulmasında görülə bilən əsas fəsadlar xroniki topuq ağrısı, xroniki topuq qeyri-sabitliyi və artrozdur.

Təkrarlanan burxulma riskini azaltmaq məqsədilə idman etmədən əvvəl isinmə hərəkətləri etmək, gəzinti, qaçış və ya qeyri-bərabər səthlərdə qaçarkən diqqətli olmaq, əvvəldən zədələnmiş topuq oynağına elastik bandaj istifadə etmək, fəaliyyətə uyğun ayaqqabı geyinmək, hündürdaban ayaqqabılardan çəkinmək məsləhətdir.

Bağlantını kopyala