Diz oynagi deformasiyalari

Diz deformasiyaları yaranma səbəbləri və müalicəsi

13 Yanvar 2021
Dr. Elviz Qasımov

Diz oynağı travmaları

Diz oynağı bədənin ən mürəkkəb və əsas yük daşıyan oynaqlarından biridir. Diz oynağı bədən kütləmizi daşıyaraq gündəlik fəaliyyətlərimizi – yerimək, qaçış, çöməlmək, pilləkən qalxıb enmək həyata keçirməyə imkan verir. Bu səbəbdən xəstələrin həkimə müraciətlərinin əksəriyyəti diz oynağı ilə əlaqədardır. Əsasən idmanla məşğul olan insanlarda diz travmaları və yaralanmaları görülür. İdmanla məşğul olmayan və artıq çəkili insanlarda əzələ zəifliyi nəticəsində diz qapağına düşən əlavə yük diz qapağı və bud sümüyü arasında sürtünmə yaradaraq ciddi narahatlığa səbəb olur. Diz ağrılarının digər səbəbləri yaşlanma (artroz), anadangəlmə deformasiyalar, artritlər, travmalarla və s. ilə əlaqələndirilir.

Diz oynağı 3 hissədən – bud, diz qapağı və qamış sümüyünün birləşməsindən ibarətdir. Bud sümüyü diz qapağı (patellofemoral) və bud-qamış sümükləri (tibiofemoral) arasında diz oynaq əmələ gəlir. Oynaqdaxili  bütün səthlər sərt, hamar, sürüşkən hərəkət üçün uyğun şərait təmin edən qığırdaqla örtülüdür. Kapsul içərisində olan oynaq mayesi qığırdağıın qidalanması və yağlanmasını (avtomobil mühərrikinə bənzər şəkildə) təmin edərək oynağın rahat hərəkətinə kömək edir. Oynaq mayesi normal olduqda qığırdaq səthləri sürüşgən olur. Bu mayeni yaradan sinovial qişanın pozulmasına səbəb olan xəstəliklər və ya oynaqdaxili problemlər mayenin tərkibini, sıxlığını, sürüşgənlik və miqdarını dəyişdirərək oynaq hərəkətlərinin  pozulmasına və çətinliklərə səbəb olur.

Diz oynağını əmələ gətirən sümüklər quruluş olaraq yastı və birbirləri ilə uyğunsuz şəkildə yerləşir. Bu uyğunsuzluğu tarazlamaqda qığırdaq və bud sümüyünün qamış sümüyü ilə oynaq təşkil etdiyi sahədə olan menisklər mühim rol oynayır. Menisklər dizə düşən yükün daha böyük səthə yayılaraq bərabər şəkildə paylanmasını təmin edirlər. Dizin tarazlığının sabitlənməsində bağlar əsas rol oynayır. Diz oynağı bayır və iç yan, ön çarpaz və arxa çarpaz bağlar vasitəsilə dəstəklənir.

Diz deformasiyaları haqqında

Normal düzlənmiş bir dizdə ağırlıq diz oynağı boyunca bərabər paylanır. Diz oynağı bayıra və ya içə doğru əyildikdə bu, bədən kütləsini oynaq üzərində qeyri-bərabər paylayır və diz uyğunsuzluğu (deformasiya) olaraq təyin edilir.

Diz uyğunsuzluğunun 2 əsas növü var:

  • Valqus Deformasiyası (genu valgum) – Dizlərin içəri doğru əyilməsinə, X görünüşü verməsinə və diz oynağının bayır (lateral) hissəsinə əlavə təzyiq və yük düşməsinə səbəb olur. Valqus deformasiyalı dizlərdə topuqlar birbirinə təmas edə bilmir.
  • Varus deformasiyası – Dizlərin bayıra doğru əyilməsinə, yay görünüşünü almasına və diz oynağının iç (medial) hissəsinə əlavə yük düşməsinə səbəb olur. Varus deformasiyası olan insanlarda dizlər birbirinə təmas edə bilmir.
Varus ve valgus deformasiyalari

Normal, varus və valqus dizlərin təsviri verilmişdir

Diz deformasiyaları hansı səbəblərdən baş verir?

Diz deformasiyaları bir çox səbəbdən yarana bilir. Əsas səbəb olaraq genetik (irsi) faktorlar göstərilə bilər. Genetik diz uyğunsuzluğu hər iki dizdə özünü biruzə verir. Dizdə uyğunsuzluğun ikinci ən çox görülən səbəbi, daha öncə alınan travma – qamış sümüyü sınığı və ya böyümə xəttinin zədələnməsidir. Əvvəlki travmanın uyğunsuzluğa səbəb olduğu hallarda, deformasiya ümumiyyətlə yalnız bir dizdə inkişaf edir. Dizlərdəki deformasiya görüntüsü çox zaman narahatlıq yaratdığına görə həkimə tez-tez müraciət edilir. Bununla yanaşı ağrı simptomları da olur. Dizin bir hissəsindəki artıq təzyiq həm valqus, həm də varus deformasiyasından əziyyət çəkən xəstələrdə artroz inkişaf riskini artırır.

Diz deformasiyaları zamanı müalicə necə aparılır?

Müalicə tipik olaraq iltihabəleyhinə ağrı kəsicilər verilərək və fizioterapiya tətbiq edilərək konservativ olaraq başlayır. Deformasiyanı bir miqdar düzəltmək üçün xüsusi bir diz dəstəyi də istifadə edilə bilər. Diz deformasiyalarının tam düzəlməsi cərrahi müdaxilə tələb edir. Cərrahi metod 50 yaşdan yuxarı xəstələr üçün diz oynağının endoprotezləşdirilməsindən ibarətdir. Bu, artrozu müalicə etməklə yanaşı deformasiyanı tam düzəldir. Artrozun yaranmadığı yetkin xəstələrdə osteotomiya əməliyyatı tətbiq edilir. Bu, valqus deformasiyasında bud sümüyü (femur) və varus deformasiyasında baldır sümüyünün (tibia) kəsilərək dizin düzgün vəziyyətə gətirilməsi prosedurudur.

Xondromalaziya patella

Xondromalaziya diz qapağının (patella) qığırdaq səthinin zamanla yumşalaraq aşınması prossesidir. Bu, dizin ön hissəsində kəskin ağrıya səbəb olur. Diz qapağı xondromalaziyası xroniki diz ağrılarının əsas səbəblərindən biridir. Belə hal, diz qapağı ilə bud sümüyü arasında uyğunsuzluq olduğu zaman yaranır. Diz qapağının qığırdağı sürtünmə səbəbi ilə zamanla (dizi büküb açma) incəlir. Diz qapağı qığırdaq aşınmasına daha çox gənc və idmanla məşğul olan insanlarda rast gəlinir. Anadangəlmə patellofemoral uyğunsuzluq, əzələ zəifliyi (dördbaşlı əzələ) , xroniki travmalar (zədələnmə, əzilmə, sınıq), qaçış, tullanma idmanları, müxtəlif artrit xəstəlikləri, artıq çəki bu problemin əsas tətikləyiciləridir.

Simptomlar hansılardır?

Diz qapağı zədələnməsi özünü ağrı və bəzən şişliklə birüzə verir. Ağrı diz qapağının önündə, arxasında, yanlarında, əsasən pilləkən qalxıb enərkən, oturaq vəziyyətdə çox qalan zaman, dizi yerə qoyduqda və çöməlmə hərəkətini etdikdə hiss edilir.Ağrı səbəbilə əzələ zəifliyi yarandıqda şişkinlik müşahidə edilir.

Müayinə

Diz ağrısı ilə gələn xəstəyə fiziki müayinə zamanı mütəxəssis həkim tərəfindən müəyyən testlər edilir, diz qapağı və bud sümüyü uyğunlaşmasına baxılır. Diz qapağına təzyiq edilərək həssaslıq və ağrının şiddəti təyin edilir. Fiziki müayinədən sonra diz oynağının detallı görüntüsünü əldə etmək üçün rentgen və ya MRG tələb olunur.

Təsnifat

Xondromalaziya patella 4 mərhələdə qiymətləndilir:

  • I dərəcə – Diz qapağı qığırdaq səthinin yumşalması müşahidə olunur.
  • II dərəcə – Diz qapağı qığırdağının anormal səth xüsusiyyətləri və yumşaq toxuma eroziyasının mövcudluğu ilə özünü biruzə verir.
  • III dərəcə – Qığırdaq gözlə görülən şəkildə incəlir və yumşaq toxuma inflammasiyası yaranır.
  • IV dərəcə – Ən ağır dərəcədir. Qığırdağın əhəmiyyətli hissəsinin aşınması sümüklərin təmasını və sürtünməni artırır.
Xondromalaziya patella

Xondromalaziya patella təsviri

Konservativ Müalicə

Diz qapağı zədələnməsinin müalicəsində əsas məqsəd qapağın sürtünməsinin və qapağa düşən yükü – təzyiqi azaltmaqla, gələcəkdə yarana biləcək qığırdaq aşınmasının qarşısını almaqdır. İlkin müalicə metodu olaraq  xəstəyə iltihabəleyhinə və ağrı kəsici dərmanlar, buz tətbiqi, istirahət məsləhət görülür. Xəstə müalicə dövründə ağrını tətikləyəcək hərəkətlərdən uzaq durmalıdır. Dizi sabit saxlaması üçün dizlik verilir. Dizin dördbaşlı və hamstrinq əzələlərini gücləndirmək və ağrı şikayətlərini azaltmaq  məqsədilə xəstəyə mütəxəssis fizioterapevt tərəfindən müvafiq idman hərəkətləri göstərilir və müəyyən terapiya prosedurları edilir.

Cərrahi müalicə

Konservativ müalicələr fayda vermədikdə, diz qapağı və bud sümüyü arasındaki uyğunsuzluğu düzəltmək üçün artroskopik əməliyyat tövsiyə olunur. Bu əməliyyat kiçik bir kəsikdən oynaq daxilinə kamera ilə girməkdən ibarətdir. Kiçik müdaxilə ilə problem həll edilə bilər. Uyğunsuzluğun əsas hissəsi diz qapağının bayır tərəfə yerdəyişməsi olduğu üçün bu əməliyyatda bayırdaki patellofemoral bağların və oynaq kapsulunun gevşətilməsi icra edilir. Beləliklə buradaki təzyiq azaldılır və qapağın hərəkəti sərbəstləşdirilir. Digər cərrahi müalicələr diz qapağı qığırdaq səthlərinin hamarlaşdırılması, qığırdaq transplantasiyası və ya bud əzələləri yapışma yerinin dəyişdirliməsindən ibarətdir.

Bağların zədələnməsi və qopması

Bağ – sümükləri birbirinə bağlayan, oynağa sabitlik və möhkəmlik verən elastik toxuma bantlarıdır. Diz oynağında bu funksiyaları yerinə yetirən dörd əsas  bağ var. Diz oynağının bağları bud sümüyünü qamış sümüyünə bağlayır. Diz travmaları zamanı bağ zədələnmələri ilə qarşılaşmaq mümkündür. Əzələ zəifliyi, dizin ani burxulması və dönməsi, diz oynağına alınan zərbələr, illər içində alınan xroniki travmalar, həddən artıq çox idmanla məşğul olmaq diz bağlarının dartılma və qopmasının ümumi səbəbləri kimi göstərilə bilər.

Diz oynağının əsas dörd bağı təsvir edilmişdir

Ön çarpaz bağ (ÖÇB – ACL – Anterior Cruciate Ligament) – ACL və arxa çarpaz bağ dizin içərisində bir birini çarpazlayaraq X şəklini alır və diz oynağının ön və arxa hissəsindən alına biləcək travmalara qarşı qoruyur. ACL qamış sümüyünün önə doğru sürüşməsinin qarşısını alır. ACL dartılması və qopması dizin burxulması (dönməsi), hiperekstenziya hərəkət zamanı ani dayanma ilə yaranabilər. Bu travmalar əsasən futbol, xizək və basketbolla məşğul olan insanlarda görülür.

ACL zədələnmə simptomları

  • Travma anında dizdə eşidilən  qopma səsi, şiddətli ağrı
  • Dizin şişməsi və hərəkətin məhdudlaşması
  • Dizin qeyri sabitliyi – qaçma hissinin yaranması

Arxa çarpaz bağ (AÇB- PCL- Posterior Cruciate Ligament)– PCL dizi sabit saxlamağa kömək edən digər çarpaz bağdır. Qamış sümüyünün arxaya doğru sürüşməsinə mane olur. PCL zədələnmələri əsasən dizin ön hissəsinə alınan travma, avtoqəza və bəzi idman hərəkətləri (xüsusilə bükülmüş dizə sərt enişlər) ilə yaranır.

PCL zədələnmə simptomları

  • Dizin arxa hissəsində ağrı yaranması
  • Dizin qeyri stabilliyi
  • Hərəkət məhdudluğu

İç yan bağ (İYB- MCL- Medial)– MCL diz oynağının iç hissədən dəstəkləyərək sabit saxlayır. Diz oyanğına xaricdən alınan hər hansı travma və ya dizin ani bükülməsi, qaçış MCL – ni zədələyə bilər.

MCL zədələnmə simptomları

  • Dizdə və iç hissədə ağrı, şişkinlik
  • Dizin bayıra doğru meyllənməsi
  • MCL yapışma yerində həssaslıq

Bayır yan bağ (BYB-LCL Lateral Collateral Ligament) –  LCL dizi bayır hissədən dəstəkləyir. LCL zədələnmələrinin səbəbi diz burxulmaları, qaçış və iç-yandan gələn travmalardır.

LCL zədələnmə simptomları

  • Dizin bayır hissəsində ağrı və şişkinlik
  • Dizin içə doğru bükülməsi və meyllənməsi
  • LCL yapışma yerində həssaslıq

Diz bağ dartılmaları zədələnmənin dərəcəsinə görə təsnif edilir:

  • I dərəcə (yüngül)– Bağda mikroskopik liflənmələr, qopmalara və yırtılmalara səbəb olur. Bu kiçik liflənmələr diz oynağına əhəmiyyətli dərəcədə zərər vermir.
  • II dərəcə (orta dərəcəli) – Bağda qismi qopma görülür, ayaqüstə durarkən və ya yeriyərkən dizdə qeyri-sabitlik hiss edilir.
  • III dərəcə (ağır) – Bağ tamamilə yırtılır, sümükdən ayrılır, dizdə qeyri stabillik yaranır.

Bir diz bağında ciddi bir travma olduğu zaman, dizin digər hissələrinin də zədələnmə ehtimalı böyükdür. Məsələn, dizin sabitliyinin və möhkəmliyinin qorunmasında iç yan bağ ön çarpaz bağa qismən kömək etdiyinə görə, MCL yırtıldıqda ACL də zədələnə bilər. İç yan bağın orta və ağır zədələrində , ön çarpaz bağın da qopma ehtimalı yüksəkdir.

Müayinə

Həkim müayinə zamanı ağrının yaranma səbəblərini araşdırır. Xəstəyə dəqiq diaqnoz qoymaq məqsədilə dizdəki ağrıların hansı hərəkətdən sonra yarandığı, dizdə səs eşidilib eşidilmədiyi, şişkinlik və qeyri stabilliyin olub olmadığı ilə bağlı suallar verilir. Fiziki müayinədə travmaya məruz qalan diz digəri ilə müqayisə edilir, hərəkət və güc yoxlanılır. Daha sonra detallı qiymətləndirmə üçün diaqnostik testlər edilir. Rentgen və MRG çəkilir.

Müalicə

Bağların zədələnmə dərəcəsinə görə konservativ və cərrahi müalicə seçimi edilir.

Konservativ müalicə

  • Dizlik və istirahət
  • Şişkinliyi azaltmaq məqsədilə buz tətbiqi
  • Ağrı kəsici (tablet və maz)
  • Fizioterapiya və əzələ gücləndirmə hərəkətləri

Cərrahi müalicə

  • III dərəcəli zədələnmə – yəni bağ tam qopması zamanı əməliyyat məsləhət görülə bilər.
  • ACL və PCL yırtıqları – artroskopik üsulla oynaq içinə girilərək, yırtılmış bağın əvəzinə xəstənin dizətrafı vətərlərindən alınan hissə bağ halına gətirilərək təmir edilir.
  • MCL və LCL yırtıqları – yırtılan hissə ankor dikişləri istifadə edilərək birincili olaraq təmir edilir. Əgər travmadan üç həftə və ya daha uzun müddət keçibsə digər vətərlərdən qreft götürülərək yırtıq bağ ikincili təmir (rekonstruksiya) edilir.

Patellar tendon qopması

Vətər (tendon) əzələni sümüyə bağlayan güclü lifli toxumadır. Patellar tendon diz qapağının (patella) alt qütbündən başlayaraq qamış sümüyünə yapışır. Bu vətərin funksiyası dizi açmaqdan ibarətdir.

Quadripes və patellar tendonlartın təsviri

Tendondaki kiçik yırtıqlar və liflənmələr yeriməyi, digər fiziki fəaliyyətləri məhdudlaşdıra bilər.Tam qopma zamanı tendon iki hissəyə bölünür ,diz bədən yükünü daşıya bilmir, ayağı qaldırmaq mümkün olmur. Patellar tendon çox zaman diz qapağına yapışdığı yerdən cırılır və bəzi hallarda tendonla birlikdə bir sümük parçası qopa bilər.

Patellar tendon yırtığı təsvir edilmişdir.

Tendon qopma səbəbləri

  • Travma: Yıxılma, tullanma və ağırlıq qaldırma nəticəsində alınan güclü travma vətər yırtılmasına səbəb ola bilər.
  • Tendon zəifliyi: Zəifləmiş tendonun yırtılma ehtimalı daha yüksəkdir. Bir neçə amil tendonu zəiflədə bilər.
  • Patellar tendinit adlanan tendon iltihablanması – Qaçış və tullanma ilə məşğul olan insanlarda tez tez görülür.
  • Steroid inyeksiyaları – İltihabəleyhinə tətbiq edilmiş steroid inyeksiyaları patellar tendon zəifləməsinə ciddi təsir göstərir.
  • Xroniki xəstəliklər – Revmatoid artrit, xroniki böyrək çatışmazlığı, şəkərli diabet xəstəliyi, sistemli lupus erimatoz və s.
  • Əməliyyat sonrası ağırlaşmalar­ – Tendon ətrafında edilən diz əməliyyatlar (endoprotez, bağ əməliyyatları və s.) zamanı vətəri zədələmə riskləri mövcuddur.

Simptomlar

  • Ağrı və şişlik
  • Həssaslıq
  • Fiziki fəaliyyətdə yaranmış məhdudiyyət və çətinliklər (dizi aça bilmir)
  • Vətərin qopduğu nahiyyədə çökmə – girinti

Müayinə

Həkim fiziki müayinə zamanı travma və zədənin alınması tarixini aydınlaşdırır. Daha öncələr alınan travma, patellar tendinit və daha əvvəl keçirilmiş cərrahi əməliyyatla bağlı suallar verir. MRG görüntülənməsi edildikdən sonra daha dəqiq diaqnoz qoyulur.

Müalicə

Xəstənin yaşı və zədələnmənin dərəcəsi (qismi və ya tam qopma) nəzərə alınaraq müalicə növü müəyyənləşdirilir. Tendonun qismən qopduğu hallarda konservativ müalicə üsulları verilə bilər.

Konservativ müalicə

  • İmmobilizasiya: Həkim dizin hərəkətsizliyini təmin etmək məqsədilə dizlik və ya immobilizator məsləhət görür. 3-6 həftə immobilizatorla birgə iki əsa istifadə edilməli və dizə yük verilməməlidir.
  • Fizioterapiya: Ağrı və şişlik şikayətləri keçdikdən sonra mütəxəssis fizioterapevtin nəzarəti altında hərəkətin bərpası üçün  gücləndirici məşqlər və terapiya  prosedurları edilir.

Cərrahi müalicə

Vətərin tam qopduğu hallarda əməliyyat məsləhət görülür. Əməliyyatın travmadan dərhal sonra həyata keçirilməsinin mühüm əhəmiyyəti vardır. Gecikdirilmiş hallarda əzələlərdə qısalma, tendon lifləri arasında yapışıqlıq yaranır, beləliklə birincili təmiri və bərpa çətinləşir. Əməliyyatdan sonra diz dəstəkləyici və köməkçi vasitələr verilir, 6-8 həftə ərzində yumşaq hərəkətlərə başlanılır. 4 aya qədər qaçış məsləhət görülmür. 6 ay tamamında məhdudiyyət olmadan tam şəkildə fiziki fəaliyyətə qayıtmaq mümkündür.

Osteoxondritis Dissekans

Osteoxondrit dissekans (OCD), qığırdağın qidalanmasının zəif olduğu hallarda sümüyün subxondral və qığırdaq hissəsində yaranan idiopatik (mənşəyi bilinməyən) bir xəstəlikdir. Bu, qığırdaq segmentinin qeyri sabitlliyi, ayrılması və qığırdaq parçalarının oynaq boşluğunda sərbəst hərəkəti ilə nəticələnə bilər. Sümük parçası dizdə ağrıya və hərəkət məhdudiyyətinə səbəb ola bilər. Bu xəstəlik daha çox uşaq və yeniyetmələrdə görülür.

Osteoxondrit dissekans xəstəliyinin səbəbi bilinməməklə yanaşı, əsasən təkrari travmalar (xroniki) və zəif qidalanmadan mənşə alaraq əmələ gəldiyi düşünülür. Bundan əlavə genetik faktorlar, qan axımının dayanması, böyümə problemləri də xəstəliyin yaranma səbəbləri kimi qeyd edilə bilər.

Diz oynağında osteoxondrit dissekansın görüldüyü yerlər əsasən diz qapağı və bud sümüyünün kondilləri, əsasən iç kondildir.

Osteoxondritis Dissekans Təsnifatı

  • TİP I : Toxuma yaxşı qidalanmadığı üçün sümüyün bir hissəsində osteonekroz (sümük ölməsi) yaranmağa başlayır.
  • TİP II : Sümük ölməsi tamamlanır.
  • TİP III : Qığırdaq parçasının sümükdən ayrılma prossesi başlayır.
  • TİP IV : Parça sümükdən tam olaraq ayrılır, oynaq boşluğuna düşərək hərəkətdə blok yaradır.

Simptomlar

OXD bəzən illər ərzində mövcud olsa da heç bir simptom verməyə bilər. Lakin ani hərəkət vəya travma nəticəsində, idman zamanı oynaqda ağrı yarada bilər. Ağrı başladığı andan etibarən şişkinlik və həssaslıq hissi görülür. Oynaq siçanı adlandırılan sərbəst cisim oynaqda kilitlənməyə səbəb olabur.

Müayinə

Həkim müayinəsində hərəkətlər qiymətləndirilir, ağrı və şişkinliyə nəzər yetirilir. OXD diaqnostikasında rentgen və MRG görüntüləri mühim rol oynayır.

OXD-ın rentgenoloji və MR görüntüləri

Müalicə

OXD müalicə metodu xəstənin yaşından və xəstəliyin mərhələsindən asılı olaraq dəyişir.

Konservativ müalicə

Sümük böyüməsi tamamlanmamış uşaqlarda və yeniyetmələrdə konservativ metod- immobilizasiya– fiziki fəaliyyətin məhdudlaşdırılması, istirahət, dizlik taxılması, əsa və ya çəlikdən istifadə edilməsi məsləhət görülür .

Cərrahi müalicə

Konservativ müalicənin fayda etmədiyi, oynaq siçanının oynaq daxilində ağrı və kilitlənmə yaratdığı hallarda cərrahi üsulla müalicə lazım gəlir. Əməliyyatın növü oynaq siçanının böyüklüyünə və zədələnmə mərhələsinə görə dəyişir. Diametri 2 sm dən kiçik olan oynaq siçanı artroskopik üsulla– qapalı əməliyyatla çıxarıla bilər. Diametri 2 sm dən böyük olan sərbəst cisimlər açıq əməliyyat tələb edir. Qığırdağın ayırldığı sahəyə isə həmin dizin yük daşımayan hissəsindən alınan sümük-qığırdaq qreftləri transplantasiya edilir. Bu əməliyyat mozaikplastika adlanır və artroskopik olaraq icra edilir.

Mozaikplastikanın təsviri və əməliyyat görüntüsü.

Bağlantını kopyala