Uşaq ortopediyası, yastıpəncəlik, bud-çanaq displaziyası və s. xəstəliklərin müalicəsi və əməliyyatları

Halluks valqus nədir, müalicəsi necə aparılır? (Hallux valgus)

03 Yanvar 2021
Dr. Elviz Qasımov

Halluks valqus cəmiyyətdə “Podaqra” kimi bilinən, əslində pəncənin baş barmağının ayaqdarağı-falanqa oynağı səviyyəsində bayıra doğru əyilmiş deformasiyasıdır.

Halluks valqus haqqinda

Halluks valqusun təsviri

Xəstəlik tədricən inkişaf edir və yaş artdıqca ağırlaşır. Yeriyərkən ağrıların olması ilə özünü göstərir, gecə ağrıları da mümkündür. Deformasiya çox olduqda I ayaqdarağı-falanqa oynağında hərəki məhdudluq yaranır. Diaqnoz əsasən kliniki əlamətlərə və rentgenoqrafiyaya əsasən qoyulur. Erkən mərhələdə müalicə konservativ və simptomatikdir. Ağır deformasiyalarda cərrahi korreksiya icra edilir.

Halluks valqus barədə ümumi məlumat

Halluks valqus – ayaqdarağı-falanqa oynağında pəncənin birinci barmağının valqus deformasiyasıdır. Deformasiya nəticəsində barmaq xaricə doğru əyilir. Xəstəlik qadınlarda kişilərlə müqayisədə 10 dəfə çox aşkar olunur. Ehtimal olunur ki, belə bir fərqin səbəbi qadınların bağ aparatının zəifliyi, narahat, dar və hündürdaban ayaqqabılar geyinməsi ilə əlaqədardır. Xəstəlik geniş yayılmışdır və bütün yaş dövrlərində meydana çıxır.

Halluks valqusun səbəbləri

Deformasiyanın inkişafının əsas səbəbi, adətən, birləşdirici toxumanın yetərsizliyidir. Bu, köndələn yastıpəncəlik, oynağın həddən artıq hərəkətliliyi, varikoz xəstəliyi; bağ, fassiya və dərinin çox dartılması nəticəsində meydana çıxa bilər. İrsi meyillik– bir qayda olaraq, xəstənin yaxın qohumlarında (ana və ya nənə) da bənzər deformasiya aşkar olunur. Digər faktorlar: hündürdaban ayaqqabılar; narahat, dar və ya kiçik ölçülü ayaqqabılar geyinmək ikincili amillərdir və Halluks valqusun formalaşmasına təkan verir. Halluks valqusun ikinci qrup səbəbləri – anadangəlmə deformasiyalar, pəncənin travmaları, baldır və pəncə əzələlərinin sinir təchizatının pozulması ilə müşahidə olunan bir sıra xəstəliklərdir (məs., poliomielit).

Halluks valqusun patogenezi

Bağların zəifliyi ilə yanaşı, birinci barmağı yaxınlaşdıran və uzaqlaşdıran əzələlərin qeyri-bərabər gərginliyi, I ayaqdarağı sümüyünün başının daxili səthinin ekzostozuna genetik meyillilik də xəstəliyin inkişafında müəyyən rol oynayır. Deformasiya formalaşdıqda əzələ gərginliyinin qeyri-bərabərliyi daha da artır, ayaqdarağı-falanqa oynağı qeyri-stabil olur. Oynağın daxili səthi ayaqqabı ilə kontakt zamanı daim qıcıqlanır, nəticədə ayaqdarağı sümüyünün başı yerini dəyişir, beləliklə, sümük çıxıntısı formalaşır; bu isə deformasiyanı daha da dərinləşdirir. Pəncənin forması dəyişdiyindən yüklənmənin paylanması da dəyişir – yerimə zamanı II və III ayaqdarağı sümüklərinin başı daim daha çox yüklənir. Bu, ağrıların yaranmasına və nəinki I, həm də II və III ayaqdarağı-falanqa oynaqlarının artrozunun formalaşmasına gətirib çıxarır.

Halluks valqusun simptomları

Pasientlər I ayaqdarağı-falanqa oynağında ağrılardan şikayətlənirlər. Ağrı uzun müddət gəzdikdə və ya ayaqüstü vəziyyətdə çox dayandıqda artır, sakitlik vəziyyətində azalır. Gecə ağrıları, xüsusən pəncə çox yükləndikdən sonra meydana gələ bilər. Ağrı sindromu həm xarakterinə, həm də gücünə görə – diskomfort hissindən (adətən, erkən mərhələlərdə) kəskin, sıxıcı və ya daimi, sızıldayıcı ağrılara qədər müxtəlif ola bilər. Ağrı sindromu ağırlıq dərəcəsi və deformasiyanın genişliyi ilə həmişə korrelyasiya olunmur; lakin buna baxmayaraq, I ayaqdarağı sümüyünün başının yerdəyişməsi zamanı simptomatika, adətən, daha aydın olur.

Deformasiya inkişaf etdikcə pəncə öz normal formasını daha da itirir, I barmaq II-nin üzərinə keçir, tez-tez II barmağın deformasiyası ilə müşaiyət olunur. Bütün bunlar və  I ayaqdarağı-falanqa oynağının proyeksiyasında sümük deformasiyası pəncənin xarici görünüşünə təsir göstərir. Buna görə də pasientlərin ortopedə müraciətinə ağrılarla yanaşı, kosmetik defekt və ayaqqabı seçimində meydana çıxan problemlər tez-tez səbəb olur. Belə problemlərdən cavan qadınlar daha çox  şikayətlənirlər.

Baxış zamanı pəncə yayılmış formadadır. I ayaqdarağı-falanqa oynağının görünən deformasiyası, az və ya mülayim hiperemiyası təyin olunur. Birinci barmaq ayağın bayır tərəfinə doğru əyilmişdir. Palpasiya ağrısız və ya kəskin ağrılıdır; I ayaqdarağı-falanqa oynağı nahiyəsində pəncənin daxili səthində sümük ekzostozu və dərinin qalınlaşması müəyyən olunur. Azacıq lokal ödem mümkündür. I ayaqdarağı-falanqa oynağında hərəkət, bir qayda olaraq, məhduddur (hərəkət məhdudluğu genişmiqyaslı ola bilər); birinci barmağı maksimal bükdükdə ağrı yarana bilər.

Halluks valqusun diaqnostikası

Halluks valqus diaqnozu simptomlar və rentgenoloji müayinənin nəticələrinə əsasən qoyulur. Ayağın rentgenoqrafiyası aparılır. Halluks valqusun ağırlıq dərəcəsi iki göstəriciyə (I və II ayaqdarağı sümükləri arasındakı bucaq (Intermetatarsal angle) və I barmağın I ayaqdarağı sümüyünə nəzərən əyilmə bucağı (Hallux valgus angle)) əsasən müəyyənləşdirilir. Halluks valqusun dərəcələri aşağıdakılardır:

Hallux valgus nedir

  • Yüngül – HVB (Hallux valgus bucağı) 20 dərəcədən, İMB (intermetatarsal bucaq) isə 11 dərəcədən az olur.
  • Orta – HVB (Hallux valgus bucağı) 20-40 dərəcə arası, İMB (intermetatarsal bucaq) isə 16 dərəcədən az olur.
  • Ağır – HVB (Hallux valgus bucağı) 40 dərəcədən, İMB (intermetatarsal bucaq) isə 16 dərəcədən çox olur.

Rentgenoloji şəkillər qiymətləndirilərkən deformasiyanın dərəcəsi ilə yanaşı, güclü artroz dəyişikliklərinə də diqqət yetirilir. Oynaq yarığının daralması, oynaq səthinin deformasiyası, subxondral zonanın osteosklerozu və marginal böyümələr artrozdan xəbər verir. Ayrı-ayrı klinik hallarda pəncənin patoloji dəyişikliklərinin daha dəqiq müəyyənləşdirilməsi üçün pasient MRT və ya KT müayinələrə yəönləndirilir. Pəncənin MRT-sı yumşaq toxumaların, pəncənin KT-sı isə sümük strukturlarının vəziyyətini qiymətləndirmək üçün istifadə olunur. Əzələlərin sinir tənzimlənməsinin pozulması ilə müşaiyət olunan xəstəliklər zamanı nevroloq konsultasiyası mühümdür.

Halluks valqusun konservativ müalicəsi

Halluks valqusu cərrahi əməliyyatsız aradan qaldırmaq mümkün deyil. Lakin cavan qadınlarda xəstəliyin erkən mərhələsində, həmçinin yaşlı pasientlərdə deformasiyanın istənilən dərəcəsində konservativ müalicə tövsiyyə olunur. Belə müalicənin əsas məqsədi ağrı sindromunun dəf edilməsi və xəstəliyin proqressivləşməsinin qarşısının alınmasıdır.

Halluks valqusun konservativ müalicə vasitələri, gecə ortezi və gündüz silikon yastıqlar

Halluks valqus mualice

Halluks valqusun konservativ müalicə vasitələri, gecə ortezi və gündüz silikon yastıqlar

Müalicə ambulator şəraitdə həkim-ortoped tərəfindən həyata keçirilir. Ağrılar zamanı iltihab əleyhinə preparatlar və məlhəmlər tövsiyə olunur. I ayaqdarağı-falanqa oynağının artrozunda remissiya dövründə pasient fizioterapiyaya yönləndirilir. Pasientlərə aşağıdakılar tövsiyə edilir:

  • Çəkini azaltmaq (artıq çəki olduqda) – pəncənin yüklənməsini azaltmaq məqsədilə.
  • Yüklənməni optimallaşdırmaq: pəncənin əzələ və bağlarının gücləndirilməsi məqsədilə xüsusi hərəkətlərdən ibarət proqram icra etmək; uzun müddət ayaqüstü vəziyyətdə dayanmağı və gəzməyi mümkün qədər məhdudlaşdırmaq.
  • Xüsusi ortopedik ayaqqabılardan istifadə – I ayaqdarağı-falanqa oynağı nahiyəsinə düşən həddən artıq təzyiqin dəf edilməsi məqsədilə.
  • I və II barmaqlararası arakəsmələrdən istifadə – I barmağın daha da əyilməsinin qarşısının alınması məqsədilə.

Halluks valqusun cərrahi müalicəsi

Konservativ müalicə effektsiz olduqda cərrahi müdaxilə göstərişdir. Halluks valqus zamanı tətbiq olunan cərrahi əməliyyatların təxminən 300 variantı var. Bütün cərrahi metodları 3 qrupa ayırmaq olar:

  • Yumşaq toxuma əməliyyatları
  • Sümük əməliyyatları
  • Eyni zamanda həm yumşaq toxuma, həm də sümük əməliyyatları.

Yumşaq toxumaların cərrahi əməliyyatları deformasiyanın yalnız birinci dərəcəsində effektlidir. Silver və ya McBride cərrahi əməliyyatları aparıla bilər. Silver üsulu ilə cərrahi müalicə zamanı baş barmağı yaxınlaşdıran əzələnin vətəri kəsilir; McBride üsulunda isə həmin vətərin yeri dəyişdirilir. Belə cərrahi müdaxilələrin məqsədi yaxınlaşdıran və uzaqlaşdıran əzələlərin gərginliyinin bərabərliyini bərpa etməkdir. Sadalanan cərrahi əməliyyatlar tez-tez sümük çıxıntısının və  I ayaqdarağı-falanqa oynağı nahiyəsində dərialtı kisəciyinin kəsilib kənarlaşdırılması (Shade cərrahi əməliyyatı) ilə yanaşı həyata keçirilir.

Hazırda II və III dərəcəli Halluks valqusun müalicəsində iki cərrahi metod arasında seçim edilir: ziq-zaq və Scarf osteotomiya. Ziq-zaq osteotomiyada l ayaqdarağı sümüyünün distal hissəsində “V” şəkilli kiçik fraqment kəsilir. Scarf osteotomiyada l ayaqdarağı sümüyünün bütün gedişi boyunca “Z” şəkilli osteotomiya; sonra I sümüklə digər ayaqdarağı sümükləri arasında bucağı azaltmaq məqsədilə fraqmentlərin yeri dəyişdirilir. Fraqmentlər vintlərlə fiksasiya olunur.

Halluks valqusda müxtəlif osteotomiyaların sxematik təsviri

Bütün cərrahi müdaxilələr travmatoloji və ya ortopedi şöbələrdə həyata keçirilir. Postoperativ dövrdə xəstəyə xüsusi ortez geydirilir və ayaqlara qismi yük verməyə icazə verilir. Ortez üç həftə ərzində mütləq istifadə olunmalıdır. Bu dövrdə ayaq yuxarı qaldırılır və artıq yüklənmədən qaçılır. Sonra geniş ayaqqabılar geyilir, müalicəvi bədən tərbiyəsinin müvafiq proqramları tətbiq olunur və tenis topu ilə ayaq tağına masaj edilir.

Bağlantını kopyala