Skolioz xəstəliyi nədir, əlamətləri və müalicəsi

22 Dekabr 2020
Dr. Elviz Qasımov

Skolioz haqqında ümumi məlumat

Skolioz – onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir.

Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxılan zaman yuxarıdan aşağıya düz bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya və beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir. Sağlam bir bədəndə onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma, 4-5 büzdüm olmaqla 33 -34 fəqərədən ibarətdir və birbirlərinə bağlar, oynaqlar və disklərlə bağlanır.

Şəkildə onurğa sütununun yandan və arxadan görüntüsü

Skolioz onurğa sütununun sağ və ya sol yana əyilməsi ilə xarakterizə olunan deformasiyası olub “S” ya da “C” formasını alır. Onurğa əyri olduqda, fəqərələr fırlanır və bu, onurğanın döş hissəsində olarsa, qabırğa qabarıqlığı, bel-oma nahiyyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır. Vaxtında müalicə olunmayan əyriliklər ürək, ağciyər və s. orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər.

Şəkildə normal onurğa, C- formalı və S- formalı skoliozlar təsvir edilmişdir.

Skoliozun əlamətləri və simptomları

Skoliozun simptomları əyriliyin dərəcəsindən asılı olaraq geniş hüdudlarda dəyişə bilər.

Yüngül əyriliklərdə simptomlar tamamilə kosmetik ola bilər:

  • Çanaq və çiyinlərin hündürlüyündə görünən fərq (asimmetriya)
  • Bədənin sağ və ya sol tərəfə əyilməsi
  • Kürək sümüklərinin hündürlük fərqinin olması
  • Bədən tarazlığının pozulması
  • Bud çanaq oynağının digərinə nisbətən yuxarıda olması
  • Döş qəfəsində asimmetriya
  • Aşağı ətraflardan birinin digərinə nisbətən uzun və ya qısa olması
  • Bel nahiyyəsində dəridə tüklənmə, ləkə və çuxur  görünməsi

Daha ciddi əyriliklərdə:

  • Bel və kürəkdə ağrı
  • Ayaqlarda ağrı, uyuşma və zəiflik
  • Nəfəs almada çətinlik
  • Halsızlıq və tez yorulma

Skoliozun səbəbləri və növləri

Skolioz araşdırma cəmiyyətinə (SRS – Scoliosis Research Society) görə, skoliozun təxminən 80 %-də hər hansı bir səbəb təyin edilə bilmir (idiopatik skolioz). Doğuş qüsurları, nevroloji anormallıqlar və genetik qüsurlar skoliozda müəyyənləşdirilən ümumi səbəblər kimi göstərilə bilər.

Skoliozun İdiopatik, degenerativ, anadangəlmə, sinir-əzələ xəstəlikləri, torakogen və sindromik kimi müxtəlif növləri vardır.

İdiopatik skolioz: Adətən uşaqlıq və yetkinlik dövründə görülən və səbəbi bilinməyən skolioz növüdür. İdiopatik skolioz, bütün skolioz hallarının 75-80% -ni təşkil edir. Bu tip skolioz erkən yaşlarda başlamağına baxmayaraq ağrı və digər gözlə görülən əlamətlər olmur. Lakin yaş artdıqca və böyümə davam etdikcə onurğa əyriliyi müxtəlif problemlər yarada, eyni zamanda xəstədə ağrı şikayətləri başlaya bilər. Idiopatik skolioz yaranma zamanına görə 3 qruba bölünür: İnfantil, Yuvenil, Adolesan

İnfantil skolioz: Yeni doğulan və 3 yaşa qədər uşaqlarda görülən skolioz növüdür. Uşaqlarda infantil skoliozu çox zaman bud çanaq displaziyası müşaiyət edir.

Yuvenile idiopatik skolioz: Bu tip skolioza 3-10 yaş arası uşaqlarda rast gəlinir. Bu skoliozda əyrilik artımı digərlərinə nisbətən daha çoxdur.

Adolesan skolioz: 10 -18 yaş arası görülən skoliozdur. Pediatrik skoliozların 80%-i bu qruba aiddir.

Konjenital (anadangəlmə) skolioz:

Anadangəlmə skolioz uşaq ana bətnində ikən yaranır və inkişaf edir. Bu tip skoliozun əmələ gəlməsində ana bətnindəki infeksiyalar, anada şəkərli diabet, ürək xəstəlikləri, hipertermiya, alkoqol istifadəsi, valproik turşu istifadəsi, vitamin və mineral çatışmazlıqları kimi fərqli səbəblər göstərilir. Eyni zamanda irsi xüsusiyyətləri olan bəzi xəstəliklərin anadangəlmə skoliozu müşaiyət etdiyi də görülməkdədir. Anadangəlmə skoliozda körpənin anormal onurğa ilə doğulmasına baxmayaraq ilkin mərhələdə əyrilik müşahidə olunmaya bilər. Əyrilik adətən davamlı böyümə ilə özünü göstərir. Bəzi hallarda, əyrilik yeniyetmədə sürətli böyümə mərhələsinə qədər son dərəcə yavaş irəliləyir. Struktural pozğunluqlar müxtəlif yollarla anadangəlmə skolioza səbəb ola bilər. Ana bətnində meydana gələn quruluş (struktural) problemləri və onurğa qüsurları şəklində özünü göstərir. Bəzi xəstələrdə hər iki qüsuru birlikdə görmək mümkündür.

Struktual pozğunluqlar:

Fəqərə cisminin yalnız bir tərəfinin inkişaf etməsi ilə yaranan hemivertebra
Fəqərə hissələrinin birləşməsi ilə olan seqmentlənmə (bölünmə) qüsuru

Qabırğaların birləşməsi

Şəkildə normal onurğa, C-formalı və S-formalı skoliozlar təsvir edilmişdir.

Anadangəlmə skoliozda onurğa beyni (41%), ürək (7-12%) və böyrəkdə (20%)  anormallıqlar müşahidə edilə bilər.

Sinir-əzələ skoliozu

Əzələ-sinir skoliozunda beyin, onurğa beyni və əzələ sisteminin problemləri nəticəsində əmələ gələn nizamsız bir onurğa əyriliyidir. Sinir və əzələlər onurğa və bədən tarazlığını (balansını) qoruya bilmir. Sinir-əzələ əyrilikləri tez-tez çanaq asimmetriyası ilə əlaqələndirilir, bu vəziyyətdə uşağın  çanağının bir tərəfi digərindən daha yüksək olur. Belə xəstələrdə bədən inkişaf etdikcə yetkin yaşa doğru əyrilik artımı davam edir. Oturaq həyat keçirən və yeriyə bilməyən xəstələrdə isə skolioz daha ciddi vəziyyət alır. Sinir-Əzələ skoliozunun ən çox görüldüyü xəstəliklər:

  • Beyin İflici (CP)
  • Onurğa Əzələ Atrofiyası (SMA)
  • Angelman sindromu
  • Arnold-Chiari malformasiyası, sirenks və ya onurğa beyni travması

Degenerativ skolioz

Yetkinlərin başlanğıc skolyozu olaraq da bilinən degenerativ skolioz, fəqərələrin sümük zəifliyi (osteoporozu) səbəbi ilə əriməsi, onurğanın hərəkət edən hissələri olan fəqərəarası disklərin degenerasiyası və kiçik oynaqların artrozundan mənşə alan onurğa əyriliyidir. Degenerativ skoliozda fəqərələr arasındaki disklərin və oynaqların çökməsi onurğada asimmetriya əmələ gətirir və bəzi hallarda bu sürüşməyə səbəb olur. Belə fəqərə sürüşmələri bir səviyyədən daha alt səviyyəyə doğru irəlilədikcə onurğa əyriliyi inkişaf edə bilər. Bu tip skolioz onurğanın bel nahiyəsində daha çox görülür.

Torakogenik skolioz

Adından da görüldüyü kimi döş nahiyyəsində hər hansı bir xəstəlik və ya cərrahi əməliyyat nəticəsində yaranan onurğa əyriliyidir. Anadangəlmə ürək qüsurunu aradan qaldırmaq üçün aparılan cərrahi əməliyyatlar və eyni zamanda Limfoma kimi xərçəng xəstəliklərinin də zamanla böyüməsi onurğa sütununda asimmetriya yarada bilir.

Sindromik skolioz

Sindrom bir neçə kliniki xüsusiyyətin birləşməsidir. Bu tip skolioz hər hansı bir sindrom xəstəliyinin bir hissəsi kimi ortaya çıxır və inkişaf edir:

  • Əzələ distrofiyası,
  • Poliomyelit,
  • Artrogripoz, Spina Bifida, Marfan sindromu və Ehlers-Danlos Sindromu
  • Neurofibromatoz
  • Klippel-Feil vs

Skolioz müayinəsi

Skolyozun erkən diaqnozu, əyrilik və deformasiyanın inkişafının qarşısını almağa kömək edə bilər. Onurğa əyriliyi və ya ağrı şikayəti ilə həkimə müraciət edən xəstənin ilkin olaraq Skoliozla əlaqəli ola biləcək hər hansı bir şəxsi və ya ailədaxili tibbi vəziyyətin hərtərəfli tarixi həkim tərəfindən nəzərdən keçirilməlidir. Xəstənin yaşı, yetkinlik dövrü başlanğıcı və qadınlarda ilk aybaşı dövrü onurğa əyriliyinin böyüməsini və inkişaf riskini təyin etmək üçün vacibdir.

Hərtərəfli fiziki müayinə xəstənin sağlamlığı və onurğa sütunu haqqında məlumat verir. Müayinədə xəstənin onurğa sütununun ümumi tarazlığı, nisbi çiyin və çanaq boyu, habelə onurğa əyriliyi və qabırğa qəfəsi deformasiyası daxil olmaqla hər hansı bir anormallığa diqqət yetirilir. “Adam” irəli əyilmə testi, xəstənin dizlərini bükmədən önə doğru əyilməsi ilə onurğa sütununun sağ və sol hissəsində asimmetriya olub olmadığına baxılır. Qabarıqlıq olduğu halda Skoliometr vasitəsilə dərəcə ölçülə bilər. Onurğa beyni və sinirlərin diqqətli nevroloji müayinəsi aparılmalıdır. Bu zaman əzələlərin gücü, hissiyyat və normal refleks testləri, habelə anormal reflekslərə baxılır.

Rentgen müayinəsi

Kliniki müayinə zamanı skolioz əlamətləri aşkarlanarsa, həkimin göstərişi ilə rentgen müayinəsi aparılır. Onurğa əyriliyi dərəcəsinin müəyyən edilməsi üçün həm arxadan həm də yandan olmaqla görüntü alınır. Görüntü xəstə ayaqüstə ikən çəkilməli, baş və çanaq mütləq görülməlidir. Rentgen görüntüsünə əsasən mütəxəssis həkim onurğa sütununu nəzərdən keçirir. Fəqərələrdəki anadangəlmə anormallıqlar, degenerativ dəyişikliklər, əyrilik bucağı təyin edilir.

Skolioz dərəcəsinin ölçülməsi

Onurğa əyriliklərinin dərəcəsi “Cobb bucağı” ilə ölçülür. Əyriliyi skolioz adlandırılması üçün 10 dərəcədən yuxarı olmalıdır. 10 dərəcə və altındakı əyrilik skolioz deyil, onurğa asimmetriyasıdır.

Skolioz dərəcələri yüngül, orta və ağır olaraq üçə bölünür. Yüngül skolioz 20 dərəcədən az əyriliklərdir.
Orta dərəcəli skolioz 20-40 dərəcə arasındakı əyriliklərdir.
Ağır skolioz əyrilik 40 dərəcədən çoxdur.

MRT müayinəsi

Kliniki müayinə zamanı hər hansı nevroloji anormallıqlar və şiddətli ağrı müşahidə edilərsə bu zaman MRT müayinəsi məsləhət görülür. Onurğa beyni probmləri olub olmadığı araşdırılmalıdır.

KT muayinəsi

Əməliyyata hazırlanan xəstələr mütləq KT muayinədən keçirilməlidir. Bununla əməliyyatda vintlərin yerləşdirilməsi üçün lazım olan fəqərə ayaqçıqlarının (pedikul) olub olmadığı, olanların diametri ölçülməlidir.

Müalicə metodları

Müşahidə

Skolioz dərəcəsi yüngül olan və yaranma mənşəyi bilinməyən idiopatik skoliozlu  xəstələrdə tərcih edilən ilkin müalicə metodu müşahidədir. Xəstəyə 4-6 ay ərzində kontrol müayinəyə gəlmək məsləhət görülür. Bunula yanaşı idman hərəəkətləri, fizioterapiya, üzmək və s. məsləhət görülür. Orta dərəcəli skoliozlarda (10-15 yaş) individual korset, fizioterapiya və idman hərəkətləri məsləhət görülür.

Korset

Əyrilik bucağı 20-40 dərəcə olan yeni yetmə dövründə olan xəstələrə tətbiq edilən müalicə metodudur. Nizamlı olaraq gün ərzində 16-20 saat korset taxılması gələcəkdə əməliyyat riskini azaldır. Anadangəlmə skoliozlarda korset məsləhət görülmür. Çünki bu skoliozlar, sərt, elastik olmayan əyriliklərdir. Bunlarda korset istifadəsi cilt yaralanmalarına, döş qəfəsi deformasiyalarına, ağciyər funksiyasınn pozulmasına səbəb ola bilər.

Cərrahi üsulla müalicə

Proqressiya ehtimalı yüksək olan və təqib dövründə əyriliyin artdığı, korset müalicəsinin müvəffəq olmadığı hallarda cərrahi müalicə ən geniş yayılmış müalicə üsuludur.

Anadangəlmə və sindromik ağır skoliozlarda mütləq cərrahi müalicə aparılmalıdır. Anadangəlmə skolyozun erkən diaqnozu baxımından son dərəcə diqqətli olmalıdırlar. Ailələr körpənin boynunda, belində  hər hansı bir fərqlilik olduğunu görən kimi həkimə müraciət etməlidirlər. Erkən dövrdə əməliyyat edilən anadangəlmə skoliozun nəticəsi çox daha yaxşı olur.

Cərrahi müalicədə ən muasir metodlar istifadə edirik. Transpedikulyar vintləmə ilə skolioz hər 3 müstəvidə düzəldilir. Əməliyyat zamanı Neyromonitorizasiya istifadə edirik ki, bu da fəsadların qarşısını alır. Əməliyyatdan 1 ay sonra xəstələr normal həyat və iş fəaliyyətinə qayıdır. Əməliyyat sonrasında önə doğru əyilə bilir, yerə düşmüş əşyaları götürə bilirlər. Qadın xəstələrimiz əməliyyatdan sonra hamilə qala və ana ola bilərlər. Bunda heç bir məhdudiyyət yoxdur.

Aşağıdakı hissədə ortoped-travmatoloq Dr. Elviz Qasımovun Skolioz xəstəliyi haqqındakı reportajını izləyə bilərsiniz.

Bağlantını kopyala