Kifoz xesteliyi nedir? Kifozun mualicesi haqqinda

Kifoz nədir, hansı formaları var və müalicəsi necə aparılır?

21 Dekabr 2020
Dr. Elviz Qasımov

Kifoz nədir?

“Düz otur! Dik dur! Belini əymə!” Yəqin ki, bu sözləri gün ərzində kifayət qədər eşitmisiniz ki, hal-hazırda bunları oxuyarkən belə belinizi düzəltdiniz.

Kifoz onurğa sütunun yuxarı hissəsinin normaldan daha yuvarlaq görünməsinə səbəb olan  və hər yaşda görülə bilən xəstəliyidir. Onurğa sütununun yandan görünüşü körpəlikdən qocalığa daima dəyişir. Yeni doğulan körpənin onurğa sütunu birinci fəqərədən başlayaraq büzdümə qədər kifotik vəziyyətdə olur, yaş artdıqca əvvəlcə bel nahiyyəsində önə doğru əyilmə (lordoz), daha sonra isə döş nahiyyəsində arxaya doğru əyilmə (kifoz) əmələ gəlir. Beləliklə, onurğa sütunu yandan baxıldığı zaman “S”  şəklini alır. Onurğada təbii olaraq yaranmış bu əyriliklər bədənin və başın ağırlığını daşımağa və bədən tarazlığını saxlamağa kömək edir. Döş nahiyyəsində olan əyrilik normaldan daha çox olarsa, bu zaman kifoz xəstəliyi yaranır.

Normal kifoz 20-40 dərəcə arasındadır. Əgər əyrilik 40 dərəcədən çox olarsa, hiperkifoz adlanır.

Kifoz halı qadınlara nisbətən kişilərdə daha çox görülür. Qızlarda yetkinlik dövrü süd vəzlərinin inkişafı ilə bərabər döş nahiyyəsindəki əyrilik də artır. Bu qızların utanması və ya süd vəzlərinin həcminin böyük olması ilə əlaqədar olabilər.

Kifotik və normal onurğa

Şəkildə kifotik və normal onurğa təsvir edilmişdir.

Kifozun simptomları hansılardır?

Kifoz xəstələrdə əsasən ağrı əlaməti və onurğa sütununun döş hissəsində əmələ gələn qabarıqlıqla özünü göstərir. Digər ümumi simptomlara aşağıdakılar daxildir:

  • Çiyinlərin hündürlüyündə nəzərə çarpan fərq
  • Bədənin qalan hissəsinə nisbətən başın önə doğru əyilməsi
  • Xəstə irəli əyilərkən yan tərəfdən baxıldıqda döş fəqərələrində olan qabarıqlıq (yuvarlaq görüntü)
  • Onurğa sütunu ətrafı əzələ ağrısı
  • Ayaqlarda sinir sıxılması səbəbilə yaranan uyuşmalar
  • Bədən tarazlığını saxlamaqda yaranan problemlər
  • Yorğunluq (xüsusilə aşağı ətraf əzələlərində anormal duruşu təmin etmək üçün lazım olan artmış əzələ funksiyası)
  • Dik durmaqda çətinlik
  • Zəif duruş

Daha ciddi kifoz əyrilikləri dərman müalicəsinin kifayət etmədiyi davamlı ağrılara, ağciyərlərə təzyiq nəticəsində tənəffüs problemlərinə səbəb ola bilər.

Kifozun yaranma səbəbləri

Travma və inkişaf anormallıqları, degenerativ disk xəstəliyi, iltihabi və yoluxucu xəstəliklər kifozun səbəbləridir. Yuxarıda göstərilən səbəblərə əlavə olaraq əzələ və sinir-əzələ xəstəliklərinə görə də kifoz inkişaf edə bilər. Bunlar:

  • Serebral iflic
  • Əzələ distrofiyası
  • Onurğa əzələ atrofiyası
  • Spina bifida, Myelosel, Myelomeninqosel və s. kimi anadangəlmə qüsurlar
  • Paget xəstəliyi
  • Qocalma
  • Onurğa sütunu ətrafı əzələlərin zəifliyi
  • Uşaqlarda ortaya çıxan və səbəbi bilinməyən Scheuermann xəstəliyi
  • Osteoporoz və s. sümük əriməsi ilə yaranan patoloji fəqərə sınıqları
  • Onurğa travması nəticəsində sürüşmüş disklər
  • Onurğa törəmələri
  • Onurğa infeksiyaları (spondilodissit, spondilit və s.)
  • Birləşdirici toxumaların xəstəlikləri

Postural kifoz

Bu, ən çox rast gəlinən formadır. Adından da göründüyü kimi postural kifoz zəif duruş ilə əlaqədardır və onurğa sütunun döş nahiyyəsində olan qabarıqlıq zamanla artaraq yuvarlaq hal alır. Qozbel dayanmaq, ağır çantaları daşımaq onurğa sütununu dəstəkləyən əzələ və bağları uzadaraq postural kifoz yaranmasına gətirib çıxa bilər. Yeniyetmələrdə daha çox rastladığımız bu növ qızlarda oğlanlara nisbətən daha çox və sürətli inkişaf edir. Postural kifozu müəyyən idman hərəkətləri etməklə və ən əsası onurğa sütununu düzgün tutaraq azaltmaq olar. Bəzi hallarda korset taxmaqla kifoz tamamilə düzələ bilər.

Düzgün oturuş qaydası

Şəkildə düzgün oturuş qaydası göstərilmişdir.

Konjenital (Anadangəlmə) kifoz

Ən nadir rastlanan növdür. Bu kifoz ana bətnində inkişaf zamanı əmələ gəlir və doğuşda diaqnoz qoyulur. Anadangəlmə kifozda, fəqərələr normal olaraq ayrılmaq əvəzinə bir birinə bitişik olurlar. Konjenital kifoz 3 formada qarşımıza çıxa bilər:

  1. Fəqərə cisminin yalnız arxa tərəfinin inkişaf etməsi ilə yaranan hemivertebra
  2. Fəqərə hissələrinin birləşməsi ilə olan seqmentlənmə (bölünmə) qüsuru
  3. Bu iki qüsurun eyni anda görülməsi
Konjenital kifoz yaradan fəqərə qüsurları, hemivertebra və bölünmə qüsuru

Konjenital kifoz yaradan fəqərə qüsurları, hemivertebra və bölünmə qüsuru

Anadangəlmə kifoz olan xəstələrin digər orqan sistemlərində də bəzi qüsurlar ola bilər. Bu səbəbdən həkim ətraflı kliniki müayinə ilə yanaşı, digər sistemik anomaliyaları araşdırmaq üçün müəyyən testlər tələb edir. Bu tip kifoz müalicəsi zamanı korset və digər konservativ müalicə metodları fayda vermədiyinə görə əksər hallarda  xəstələrə əməliyyat məsləhət görülür.

Scheuermann kifoz

Bu xəstəliyi ilk dəfə təsvir edən Danimarkalı radioloqun adını daşıyan Scheuermann kifozu və ya Scheuermann xəstəliyi yetkinlik dövründə başlayır. Ən çox 13-16 yaşlarda diaqnoz qoyulur .Qız uşaqlarına nisbətən oğlanlarda daha çox görülür, böyümə bitdikdə əyriliyin artması da dayanır. Scheuermann kifozlu xəstələrin boyu yaşıdlarına nisbətən daha hündür olur. Belə hal fəqərələrin ön hissəsi arxa qədər sürətlə böyümədikdə və ən az 3 fəqərənin birləşərək 5 dərəcədən böyük bir qama formasını alaraq 40 dərəcədən çox kifoz yaratması ilə təyin olunur. Bu tip forma daha sərtdir və böyüməklə ağırlaşa bilər.

Normal ve qamalasmis feqere

Normal və qamalaşmış fəqərə görüntüsü

Tədqiqatçılar, qama şəklini alan fəqərə cisimlərinin anormal böyümə potensialı olduğuna inanırlar. Bu, ümumiyyətlə sürətli böyümə dövründə baş verir və əyrilik dərəcəsi artdıqca kürəkdə yaranan qabarıqlıq kəskin bucaqlanma kimi görünür.

Scheuermann kifozlu onurğa

Normal və Scheuermann kifozlu onurğanın yandan görüntüsü

Scheuermann kifozlu xəstələrin müalicə metodu kimi korset və fizioterapiya (idman hərəkətləri) yetərli ola bilər. Lakin xəstənin ağrı şikayətləri davam edirsə və sinir əzələ sistemində hər hansı bir defisit izlənirsə, bu əməliyyat göstərişi kimi qəbul edilir.

Ankilozan Spondilit

Spondiloartropatiyalar (SpA) sistemik xroniki iltihablı revmatoloji xəstəliklər grubuna aiddir. SpA-lar beş qruba bölünür

  1. Ankilozan Spondilit
  2. Psevdoartroz
  3. Reaktiv artrit
  4. İnflamatuar bağırsaq xəstəliyi ilə əlaqədar olan artrit
  5. Təyin edilə bilməyən Spondiloartropatiyalar

Ankilozan spondilit digər kifozlardan fərqli olaraq, bütün onurğa sütununa (daha çox döş və bel fəqərələri) təsir edir və sagittal tarazlığı pozur. Daha ağır formalarda bədəndəki digər oynaqlarda da özünü biruzə verir. İlk dəfə Vladimir Von Bexterev tərəfindən təsvir edilmişdir.

Ankilozan Spondilit xəstələrdə ilkin əlamətlər ağrı və tutqunluq hissi, onurğa sütununda hiss edilən sərtliklə üzə çıxır. Simptomlar ilk olaraq sakroiliak oynaqlarda başlayır və daha sonra onurğa sütununa, bud-çanaq və diz oynaqlarına yayılır. Ankilozan Spondilit zamanla onurğa sütununun malik olduğu təbii əyriliklərin (boyun lordoz, döş kifoz, bel lordoz) deformasiyasına gətirib çıxarır. Müəyyən müddətdən sonra fəqərə cisimlərinin birləşməsi ilə onurğanın boyun və bel nahiyyəsində olan önə doğru əyilmənin düzləşməsi, döş kifozunun artması ilə hərəkət məhdudlaşır. Gün ərzində hərəkətlə azalan ağrı gecə şiddətlənərək xəstəni yuxudan oyandıra bilər.

ankilozan spondilit xesteliyi

Normal və ankilozan spondilit xəstəliyi olan fəqərə görüntüsü

Digər ümumi əlamətlər:

  • Yuxudan oyandıran şiddətli oynaq ağrıları
  • Yuxu və uzun istirahət sonrası ağrı və tutqunluq hissi
  • Hərəkətlərdə məhdudluq
  • Onurğanın zaman içində önə doğru meyl etməsi
  • Qarşını görə bilməmək

Ankilozan spondilit kifozu

Normal duruş və Ankilozan spondilit kifozu formalaşan xəstəBu tip xəstələrdə müalicə metodu olaraq medikal müalicələr, fizioterapiya və idman hərəkətləri məsləhət görülür. Lakin konservativ müalicələrin fayda vermədiyi, ağrıların azalmadığı, deformasiyanın davamlı progressiyası və ən əsası tənəffüsdə problem yarandığı təqdirdə cərrahi müalicə lazım gəlir.

Sinir əzələ kifoz:

Beyin, onurğa beyni və əzələ xəstəliklərinə ikincil olaraq inkişaf edən kifoz növüdür. Sinir əzələ kifozlu xəstələrdə əzələ zəifləməsi ilə onurğa sütunu deformasiya olmağa başlayır. Kifoz yaradan digər sinir əzələ xəstəliklərinə aşağıdakılar daxildir:

  • Metabolik və mitoxondrial əzələ xəstəliyi,
  • Duchenne əzələ distrofiyası (DMD)
  • Onurğa əzələ atrofiyası (SMA)
  • Friedriech ataksiyası,
  • Miotubulyar miopatiya
  • Charcot Marie Tooth
  • Digər əzələ distrofiyaları

Kifozun diaqnostikası

Kürək və beldə ağrı, qozbellik şikayətləri olan xəstə mütəxəssis həkim tərəfindən ətraflı fiziki və nevroloji müayinə edilir, xəstənin tibbi və ailə tarixçəsi araşdırılır. Fiziki müayinədə onurğa sütunu ətrafı əzələlər palpasiya edildikdən sonra, xəstənin irəli doğru əyilmiş formada döş fəqərələrində ortaya çıxan bucaqlanma yandan baxılaraq müşahidə edilir. Xəstənin bədənini tarazlıqda saxlamaq qabilliyəti də müəyyən testlərlə nəzərdən keçirilir. Kifoz müayinəsində nevroloji müayinə mühüm rol oynayır. Belə ki, xəstənin əzələ gücü, hissiyatı və reflekslərinə diqqət yetirilməlidir.

Rentgen müayinəsi

Kifoz dərəcəsinin ölçülməsi və onurğa sütunun ümumi görüntüsü haqqında məlumat almaq səbəbilə rentgen müayinəsi tələb olunur. Arxa-ön və yan qrafiya olmaqla iki görüntü çəkilir. Buna əsasən mütəxəssis həkim fəqərələrdəki anormallıqları təyin edir, kifoz dərəcəsini ölçür. Normalda döş fəqərələrində kifoz 25-40 dərəcə arası dəyişə bilər. Əgər dərəcə 40-dan yuxarıdırsa, bu zaman hiperkifoz diaqnozu qoyulur.

Konservativ müalicə alan xəstələrdə vaxt aşırı rentgen müayinəsi böyük əhəmiyyət kəsb edir, kontrol məqsədilə çəkilən görüntülər daha əvvəlkilərlə müqayisə edilir və əyrilikdə artma olub olmadığı müəyyən edilir.

MRT və KT muayinələri

Müayinə zamanı şiddətli ağrı və hər hansı sinir, əzələ disfunksiyası aşkar edilərsə bu zaman xəstəyə MRT (Maqnit rezonans tomoqrafiya) və ya KT (kompyuter tomoqrafiya) müayinəsi məsləhət görülür.

Kifozun müalicəsi necə aparılır?

Hiperkifozun müalicə metodları xəstənin yaşından, əyriliyin dərəcəsi və artma intensivliyindən, yaranma səbəbindən, ağrı və digər mövcud olan simptomlardan və s. asılı olaraq dəyişə bilər.

Konservativ müalicə və müşahidə

Əsasən, yeniyetmələrdə rastlaşdığımız postural (duruş) kifoz hallarında əyrilikdə artma olub-olmadığını bilmək üçün 3-6 ay sonra kontrol müayinələrə gəlmək məsləhət görülür. Bundan əlavə xəstəyə əzələ gücləndirmək üçün fizioterapiya müalicələri və idman hərəkətləri verilir. Orta yaşlı insanlarda müxtəlif səbəblərdən mənşə alaraq yaranan kifozda ağrı olarsa həkim tərəfindən müvafiq dərman müalicəsi təyin edilir.

Korset

Hiperkifoz üçün tez-tez istifadə olunan metoddur. Korset yetkinlik dövründə olan və böyümənin davam etdiyi kifozlu xəstələrdə effektiv bir müalicə növüdür. Korset müalicəsində məqsəd sürətli böyümə dövründə əyilmənin artmasının qarşısını alaraq nəzarətdə saxlamaqdır.

Kifoz müalicəsi üçün hazırlanan korsetlər fərdi olur. Korsetlər  (TLSO və ya Boston) həkimin göstərişinə əsasən hazırlanır. Bu, xəstənin onurğasında müəyyən bölgələrə təzyiq təmin etmək üçün xüsusi uyğunlaşdırılır və qəliblənir. Korset paltarın altına taxıla bilər və xəstələr idman və digər fəaliyyətlərdə iştirak edə bilərlər. Korset gün ərzində 16 saat taxılmalıdır. Korset müalicəsi orta yaşlı xəstələr üçün faydalı müalicə növü deyildir.

Cərrahi üsullar

Cərrahi əməliyyat hiperkifozun ağır və heç bir müalicənin fayda vermədiyi hallarında tərcih edilən müalicə metodudur. Əməliyyat növü xəstənin yaşından, kifoz yaranma səbəbindən (mənşəyindən), əyrilik dərəcəsindən və artım tezliyindən asılı olaraq dəyişir. Aşağıda bu əməliyyatlardan bəziləri izah edilmişdir:

Smith-Peterson Osteotomiyası (Posterior column wedge osteotomy with opening of anterior column): Onurğa sütunun transpedikuylar vintləri yerləşdirildikdən sonra arxa elementlərin osteotomiyası edilir. Onurğanın ön kolonu açılır, titan çubuqlara anatomik kifoz dərəcəsi verildikdən sonra transpedikulyar vintlərə yerləşdirilərək qapaqlar vasitəsilə arxadakı osteotomiya yeri qapadılır, fiksasiya edilir və kifoz düzəldilir.

Smith-Peterson Osteotomiyası

Smith-Peterson Osteotomiyasının təsviri

Ponte Osteotomiyası (Posterior Closing Wedge Osteotomy): Transpedikuylar vintləri yerləşdirildikdən sonra kifoz deformasiyasiyasının olduğu fəqərələrin hər iki tərəf faset oynaqları osteotomiya edilir. Anatomik dərəcədə bükülən rodlar vasitəsilə kifoz deformasiyası düzəldilərək fiksasiya edilir.

Ponte Osteotomiyası

Ponte Osteotomiyasının təsviri

Vertebral Column Resection Pedicle Subtraction Osteotomy (Three-Column Closing Wedge Posterior Osteotomy), Pedikul Çıxartma Osteotomiyası: Transpedikuylar vintləri yerləşdirildikdən sonra kifoz deformasiyasının təpə nöqtəsindəki fəqərənin hər iki pedikulundan girilərək fəqərə cismi çıxardılır, sadəcə fəqərənin korteksi qalır. Daha sonra bu hissədən fəqərə qırılaraq  (yumurta qabığı və ya “egg shell” osteotomiyası da deyilir) anatomik dərəcədə bükülən rodlar vasitəsilə kifoz deformasiyası düzəldilir və fiksasiya edilir.

Pedikul çıxartma Osteotomiyası

Pedikul çıxartma Osteotomiyasının təsviri

Bağlantını kopyala