Dirsek travmalari

Dirsək travmaları formaları, diaqnostika və müalicəsi

13 Yanvar 2021
Dr. Elviz Qasımov

Dirsək travmaları haqqında ümumi məlumat

Atletikanın vacib idman növlərindən olan beysbol, nizə atışı, disk atma və s. idman növlərində həddindən artıq yüklənmə nəticəsində dirsəkdə yüksək stress meydana gəlir. Yıxılma və ya başqa bir oyunçu ilə toqquşma nəticəsində əmələ gələn kəskin zədələnmələrdən fərqli olaraq, bu problemlər yavaş və zamanla inkişaf edən travmalar sayılır. Bənzər dirsək zədələri idmançılar xaricində bəzi peşə qruplarında da görülə bilər. Məsələn, dirsək nahiyəsindəki lateral epikondilit avtomobil təmirçilərində və ya santexnika işçilərində tez tez görülür.

Dirsək oynağının anatomiyası

Dirsək oynağı üç sümükdən ibarətdir; Üst qol sümüyü – bazu (humerus) və ön qoldaki iki sümük-mil (radius) və dirsək (ulna). Bir çox əzələ, sinir və vətərlər (əzələlər və sümüklər arasındakı birləşdirici toxumalar) dirsəkdən keçir. Ön bilək və bilək bükücüləri, açıcıları dirsəkdən başlayır və atma zamanı dirsəyin vacib stabilizatorlarıdır. Dirsək siniri dirsəyin arxa-iç hissəsindən keçir, dərinin altında yerləşir və əllərimizlə asanlıqla hiss edə bilərik. Bu sinir əl əzələlərinin işinə nəzarət edir və əlin dördüncü və beşinci barmaqlarının hissiyatını alır.

Dirsək oynağını əmələ gətirən sümüklər və digər strukturların təsviri

Qolfçu və Tennisçi dirsəyi

Dirsəyə yapışan said əzələlərinin iltihabına verilən addır. Qolfçu dirsəyində ağrı dirsəyin iç tərəfində, tennisçi dirsəyində isə dirsəyin bayır tərəfində olur. Hər iki halda həddindən artıq istifadə nəticəsində problemlər yaranır.

Qolfçu Dirsəyi-Bükücü Tendinit-Medial Epikondilit:

Təkrarlanan atışlar dirsəyin iç nahiyyəsindəki sümüyə bitişmiş bükücü vətərlərdə zədələnməyə səbəb olur. Buna tendinit deyilir. Bu səbəbdən atış zamanı idmançıların dirsəyinin iç hissəsində ağrı meydana gəlir. Tendinit şiddətlidirsə istirahət zamanı da ağrı ola bilər.

Tenisçi Dirsəyi-Açıcı Tendinit-Lateral Epikondilit:

Xüsusilə tennis oynayanlarda əl biləyinin ekstensiyada tutulması ilə əlaqədar təkrarlayan travmalar nəticəsində dirsəyin bayır hissəsində ağrı olur.

Ulnar kollateral ligament (UKL) Yaralanması:

Ulnar kollateral bağ (UKL) atıcılarda ən çox zədələnən bağdır. UKL travmaları kiçik zədələnmə və iltihabdan bağın tam qopmasına qədər dəyişə bilər. Dirsəyin iç hissəsində ağrı olur və atma sürəti azalır.

Valqus əlavə yükləmə (VƏY)

Atış hərəkəti zamanı olekranon və humerus sümükləri bükülür və bir-birlərinə sürtünürlər. Zamanla bu, valqus genişlənməsinin əlavə yüklənməsinə gətirib çıxara bilər. Bu isə olekranon qığırdağının aşınması və sümük çıxıntılartın (osteofitlər- anormal sümük) böyüməsinə  səbəb ola bilər. VƏY olan idmançılarda sümüklər arasında maksimum təmas olduqda şişkinlik və ağrıya səbəb olur.

VƏY-nin anormal sümük böyüməsi göstərilmişdir

Olekranon Stress Sınıqları

Stress sınıqları əzələlər yorulduqda və əlavə impuls ala bilmədikdə əmələ gəlir. Yorğun əzələ stressin əlavə yüklənməsini sümüyə ötürür və stress sınığı adlanan kiçik çata səbəb olur.

Atıcılarda ən çox görülən stress sınığı olekranon sınığıdır. İdmançılar dirsəyin alt tərəfindəki olekranonun səthində ağrılı nöqtələr göstərir. Bu ağrı atış və ya digər gərgin fəaliyyətlər zamanı ən pis olur və bəzən istirahət halında da davam edir.

Dirsək Siniri Nevriti

Dirsək siniri bazunun aşağı ucundakı sümük parçasının arxasında uzanır. Atletlər atarkən, dirsək siniri dəfələrlə uzanır və hətta sürüşməyə və ya ağrılı yapışmalara- fibroza səbəb ola bilər. Bu vəziyyət sinirin qıcıqlanmasına səbəb olur və nevrit deyilən sinir iltihabı əmələ gəlir. Dirsək siniri nevriti olan atıcılar, daxili dirsəkdən başlayan və elektrik zərbələrinə bənzər sinəyə doğru uzanan ağrı hiss edirlər. IV və V barmaqlarında uyuşma, ağrı atış zamanı və ya dərhal sonrasında ola bilər.

Dirsək travmaları hansı səbəblərdən yaranır?

Atıcılarda dirsək zədələnmələri çox vaxt həddindən artıq və təkrarlanan yüksək stresslərin nəticəsidir. Əksər hallarda atlet atışı dayandırdıqda ağrı keçir. Bu problemlərin əksəriyyəti atıcı olmayan insanlarda nadir görülür. Dirsək ağrılarının mexaniklərdə, santexniklərdə, qolf oyunçularında və ya bəzi evdar qadınlarda da görmək olar.

Dirsək travmaları zamanı klinik simptomlar

  • Ağrı
  • Hərəkət məhdudluğu
  • Uyuşma
  • Şişlik

Müayinə necə aparılır?

Xəstəliyin anamnezi , idmançının ümumi tibbi sağlamlığı, klinik şikayətləri, ilk başladığı tarix və hansı idman növü ilə məşğul olduğu bilinməlidir. Daha sonra fiziki testlər edilərək ağrı yaradan hərəkətlər təyin olunur. Valqus və varus stress testləri kimi vacib fiziki müayinə testləri ilə həkim dirsək hərəkətini, dözümlülüyü və stabilliyi yoxlayır. Dirsək oynağı hərəkət dərəcəsini, əzələ kütləsini və görünüşünü qiymətləndirməli və zədələnmiş dirsək sağlam tərəf ilə müqayisə olunmalıdır. Güc və hissiyyat mütləq ölçülməlidir.

Ağrını dəqiq müəyyənləşdirmək üçün palpasiya edilir. Ağrı olan nöqtənin hansı anatomik struktur üzərində olduğu qeyd edilir.

  • Valqus stress testi MKL-in qiymətləndirilməsində istifadə edilir. Həkim xəstənin qolundan tutur və dirsəyin yan tərəfinə əks təzyiq göstərir. Dirsək laxlayarsa və ya bu test ağrıya səbəb olarsa, müsbət hesab edilir.
  • Varus stress testi LKL-in qiymətləndirilməsində istifadə edilir. Bu testlərin nəticələri həkimə əlavə dirsək testinə və ya görüntüsünə ehtiyac olub olmadığına qərar verməyə kömək edir.

Diaqnoz

  • Rentgen – sümük çıxıntılarının görüntülənməsi üçün istifadə edilir.
  • Kompyuter tomoqrafiya – (KT) müayinəsi sümüklərin üç ölçülü görünüşünü təmin edir və hərəkəti məhdudlaşdıran və ya ağrıya səbəb ola biləcək sümük çıxıntıları və ya digər sümük patologiyalarını təyin etmək üçün istifadə edilir.
  • Maqnit rezonans görüntüləmə – (MRG) dirsəkdəki yumşaq toxumaların mükəmməl görüntüsünü təmin edir və həkimə eyni simptomlara və fiziki müayinə nəticələrinə səbəb olan bağ və vətər xəstəliklərini ayırmağa kömək edir. MRG müayinəsi ilə bağın minimal zədələnməsi və ya tam qopması təyin edilir. MRG, rentgen görüntüsündə görülməyən stress sınıqlarını təyin etməkdə də faydalıdır.

Dirsək travmaları zamanı müalicə

Konservativ müalicə

  • Əksər hallarda müalicə qısa bir istirahət dövrü ilə başlayır.
  • Fizioterapiya – Şikayətlər keçməzsə xüsusi məşqlərlə çevikliyi və gücü bərpa etmək lazım ola bilər.
  • İltihab əleyhinə dərmanlar – İbuprofen və ya naproksen kimi dərmanlar ağrı və şişkinliyi azaldır.

Cərrahi müalicə

Ağrılı simptomlar cərrahi olmayan üsulla aradan qaldırılmırsa və atlet atmağa davam etmək istəyirsə, cərrahi müalicə məsləhət görülməlidir.

  • Artroskopiya – Olekranondakı sümük cıxıntıları (osteofitlər) və dirsək oynağındakı sərbəst sümük və ya qığırdaq parçaları artroskopik yolla çıxarılır. Artroskopiya zamanı cərrah artroskop adlanan kiçik bir kameranı dirsək oynağına yerləşdirir. Cərrahi alətlər kiçik olduğundan cərrah açıq əməliyyat üçün tələb olunan böyük kəsik yerinə çox kiçik kəsiklərdən istifadə edir.
  • UKL rekonstruksiyası – Qeyri-sabit və ya yırtılmış UKL olan idmançılarda cərrahi olaraq bağların rekonstruksiyası edilir. Yırtılmış bağların əksəriyyəti tikilə bilmir. UKL-ni bərpası üçün bağ yenidən formalaşdırılmalıdır. Prosedur zamanı həkim başqa vətər qrefti istifadə edərək yırtılmış  bağı rekonstruksiya edir. Bu məqsədlə xəstənin yuxarı və ya aşağı ətrafından alınan vətərlər istifadə edilir.
  • Dirsək sinirinin dirsək önünə transpozisiyası – Dirsək sinirinin iltihabı, dirsək tunelində sıxışması hallarında sinir dirsəyin ön tərəfinə köçürülür. Bu əmliyyata dirsək sinirinin ön transpozisiyası deyilir.

Konservativ müalicələrlə idmançı 6 ilə 9 həftə sonra idmana qayıda bilər. Cərrahi müalicələrlə, icra edilmiş metoddan aslı olaraq bərpa müddəti fərqli olur. UKL rekonstruksiyası edilibsə, idmana qayıtmaq 6-9 ay çəkə bilər.

Bağlantını kopyala