Onurga sutunu sinigi. Feqere sinigi haqqinda melumat

Onurğa sütunu travmatik sınıqları haqqında məlumat

20 Dekabr 2020
Dr. Elviz Qasımov

Onurğa sınığı haqqında ümumi məlumat

Onurğa sınığı avtoqəza, yıxılma və s. travmalar səbəbindən baş verə bilər. Bu sınıqların bəziləri əməliyyat tələb etməməsinə baxmayaraq, böyük bir qismi vaxtında və düzgün müalicə olunmalıdır. Ciddi onurğa sınıqlarında müalicənin təxirə salınması uzunmüddətli, hətta geridönməyən problemlərə səbəb ola bilər.

Feqere sinigi

Şəkildə fəqərə sınığı təsvir edilmişdir.

Onurğa sütünu və onurğa beyni anatomiyası:

Onurğa sınıqlarının ciddiliyini daha yaxşı başa düşmək üçün onurğa anatomiyasını qısaca nəzərdən keçirək. Onurğa sütunu bir-birləri ilə bağlar, əzələlər, oynaqlar və fəqərəarası yastıqlar (disk) ilə birləşdirilən 33-34 ədəd onurğadan (fəqərə-vertebra) ibarətdir. Bunlar 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4-5 büzdüm fəqərələrindən ibarətdir.

Onurga beyni

Boyun, döş, bel, oma-büzdüm fəqərələrinin və onurğa beyninin təsviri

Onurğa sütunu bədənimizin dik durmasına və hər tərəfə (önə, arxaya, yanlara əyilmə və dönmə) hərəkətinə imkan verən bir dəstək quruluşu yaradır. Bundan əlavə, hər onurğanın arxasında içindən onurğa beyninin keçdiyi sümük halqa var və bunlar onurğa beynini qoruyur. Onurğa beyni beyin və qol, gövdə və ayaqlar arasındakı əlaqəni təmin edən və beyindən bu bölgələrə əmrlər ötürən sinir toxumasından ibarətdir. Elektrik kabeli kimi hərəkət etməklə; əllərimizin, qollarımızın, ayaqlarımızın və hissi funksiyalarımızın işləməsinə imkan verir. Eyni zamanda nəfəs almağımızı, sidik və nəcis funksiyalarını idarə edir.

beyin ve ezele arasinda elaqe

Beyindən əzələlərə və daxili orqanlara elektrik axımlarının ötrülməsi

elektrik axini

Beyindən əzələlərə və daxili orqanlara elektrik axımlarının ötrülməsi

Onurğa travmaları kiçik bir yumşaq toxuma əzilməsindən onurğa sınığı və onurğa beyni zədələnməsinə qədər bir sıra şiddətdə ola bilər. Onurğa sınıqları və çıxıqları onurğa beyni zədələnməsinə və beləliklə iflicə səbəb ola bilər. Onurğa yaralanmalarının müalicə üsulu da zədələnmənin ağırlığından asılıdır.
Sınıqların 5-10%-i boyun fəqərələrində, 70%-i döş və bel fəqərələrində, qalan hissəsi isə oma və büzdüm nahiyyəsində olur. Ən çox yaralanan bölgə onurğanın ən hərəkətli hissəsi olan döş və bel fəqərələrinin birləşdiyi 12-ci döş və 1-ci bel fəqərələridir (T12-L1).

Fəqərə sınığı hansı səbəblərdən ola bilər?

Yıxılma, avtoqəza və digər travmlarda fəqərələrin üzərə düşən yükü fəqərələr daşıya bilmir. Bu vəziyyət onurğanın əzilməsinə və sınmasına səbəb ola bilər. Onurğa sınıqları, ümumiyyətlə yüksək enerjili travma səbəbindən əmələ gəlir. Avtoqəzalar ən çox görülən səbəblərdən biri kimi göstərilir. Güllə yaralanması və idman qəzaları da onurğa sınıqlarının əsas səbəblərindəndir. Onurğa sınığı olan xəstələrin 80% -i 18-50 yaş arasındadır. Kişilərdə onurğa sınığı görülmə ehtimalı qadınlara nisbətən 4 dəfə çoxdur.

Müayinə necə aparılır?

Onurğa sınıqlarının əlamətləri (simptomları) zədənin şiddətindən aslı olaraq dəyişir. Onurğa sınıqlarında aşağıdakı simptomlar müşahidə edilə bilər;

  • Boyun, döş vəya bel ağrısı
  • Uyuşma, əzələ spazmı
  • Ətraflarda zəiflik
  • Qeyri-iradi nəcis və sidik ifrazı
  • Ətraflarda (qollarda və ya ayaqlarda) hərəkət və hissiyatın olmaması – iflici

Bu simptomlar müşahidə olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir. Onurğa sınıqlarının ilk simptomları zədənin şiddətindən və yerindən asılı olaraq dəyişir. Boyun, döş, bel ağrısı və əzələ spazmı əsas əlamətlərdir. Onurğa beyninin zədələnməsi hallarında qol və ayaqlarda uyuşma, güc itirilməsi, sidik-nəcis ifrazatı aktlarının kontroldan çıxması və s. kimi müxtəlif şikayətlər ola bilər. Sinir zədələnməsi olan xəstələr iflic və onun gətirdiyi problemlərlə qarşılaşırlar. Onurğa travması alan xəstənin köçürülməsi üçün təcili yardım həkimi və mütəxəssis paramediklər gözlənilməlidir. Xəstə tam hərəkətsiz olmalıdır. Onurğa sütunun qeyri stabil sınığı və onurğa beyninin normal olduğu halda əgər xəstə lazımi qaydada köçürülməzsə, sınıq nahiyyə hərəkət edəcək və onurğa beynini zədələyərək iflicə səbəb olacaqdır. Xəstənin uyğun vəziyyətdə daşımaması, zədənin taleyinə təsir edən ən vacib amillərdən biridir. Xəstə təcili yardım otağına gətirildikdən sonra ilk müdaxilə və müayinə edilir, diaqnozu dəqiqləşdirmək üçün aşağıdakı instrumental müayinələr istənilir.

Onurğa sınıqları zamanı diaqnoz necə qoyulur?

Rentgenoqrafiya: Onurğa sütunu zədələnməsi şübhəsi olan xəstələrdə aparılacaq ilk müayinədir və qısa zamanda sınıq olub olmadığı təyin edilir.

Boyun və bel nahiyyəsində fəqərə sınığının rentgen görüntüləri

Boyun və bel nahiyyəsində fəqərə sınığının rentgen görüntüləri

Kompyuter Tomoqrafiya (KT): Sınıqları rentgenoqrafiyadan daha yaxşı göstərir. Bəzi xəstəxanalarda rutin olaraq tətbiq edilir. Rentgenoqrafiyada görülən sınıqların şiddətini və növünü təyin etməyə kömək edir.

KT müayinələrdə koronal, aksial və sagittal müstəvilərdə fəqərə sınıqlarının görüntüləri

KT müayinələrdə koronal, aksial və sagittal müstəvilərdə fəqərə sınıqlarının görüntüləri

Maqnit Rezonans Tomoqrafiya (MRT): Onurğa beyni və yumşaq toxumaların dəyərləndirilməsi üçün ən yaxşı metoddur. Hər xəstə üçün lazım deyil, onurğa sütunu ağrısı olan roentgen və KT muayinələri normal olan xəstələrdə mütləq MRT çəkilməlidir. Disklərdən keçərək arxa hissədə bağların yırtılması ilə nəticələnən və heç bir sümüyün sınmadığı “bəxt yaralanması” (chance injury) halı olabilər. Eyni zamanda sınığın dərəcəsini və yumşaq toxumaların vəziyyətini dəyərləndirmək üçün də istifadə edilir.

Boyun və bel fəqərə sınıqlarının sagittal və aksial MR görüntüləri

Boyun və bel fəqərə sınıqlarının sagittal və aksial MR görüntüləri

Onurğa beyni zədələnmələri onurğa sınıqlarından sonra sınıq qəlpələri onurğa beyninin seyr etdiyi kanala doğru yer dəyişdirdikdə baş verir. Bununla birlikdə, xüsusilə uşaqlarda nadir hallarda heç bir sümük sınığı olmadan onurğa beyninin həddindən artıq dartılması ilə ortaya çıxa bilər (SCIWORA- Spinal Cord Injury without Roentgologic Abnormalities). Bu da ancaq MRT vasitəsilə görüləbilər. Ən çox rast gəlinən sınıq vertebranın ön hissəsinin çökdüyü “sıxılma sınıqları” dır.

Dennis tesnifati

Onurğa sütunu sınıqlarının Dennis təsnifatı ilə qruplaşdırılması

Onurğa sütununa düşən yük daha şiddətlidirsə, fəqərənin orta və arxa hissələri sınıq görülür, qəlpələr onurğa kanalına doğru irəliləyək onurğa beynini zədələyə bilər. Bu tip sınıqlara “burst sınığı” (partlama sınığı) deyilir. Onurğa beyni zədələnməsi və iflici qəlpəli sınıqlarda tez-tez görülsə də, bütün burst sınıqları iflic və ya onurğa beyni zədələnməsinə səbəb olmur. Sınıqlar daha çox tək bir fəqərədə olmaqla bərabər 20-30% çoxsaylı, ardıcıl və ya ardıcıl olmayan fəqərələrdə də olabilər. Travma daha da şiddətlidirsə, fəqərələri birləşdirən yumşaq toxumalarda; disklərin, bağların və oynaqların zədələnməsi ola bilər. Bu vəziyyətdə, iki vertebra bir-birindən ayrılır və onurğa çıxığı olur.

Onurğa çıxığı nadir hallarda yumşaq toxumaların zədələnməsi nəticəsində yaransa da, sınıqla birlikdə tez-tez “sınıqlı-çıxıq” olaraq görülür. Onurğa beyni zədələnməsi bu iki növ sınıqda hər zaman görülür və ən təhlükəli zədələnmə növlərindən biridir. Çıxıqların və sınıqlı-çıxıqların sağalması sınıqlardan daha çətindir. Bu səbəbdən çıxıqlar və ya sınıqlı-çıxıqlar cərrahi müalicə tələb edir.

Burst sınığı

T3 Burst sınığı və T10-11 sınıqlı-çıxığı göstərilmişdir

Onurğa sınığının müalicəsi

Ağrını azaltmaq, onurğanın bütövlüyünü təmin etmək və onurğa beyni zədələnməsinin qarşısını almaq əsas prinsiplərdir.

Fəqərə sınıqları zamanı konservativ müalicə:

Dennis Tip I sınıqlarda (sadəcə ön kolon və ya sıxılma sınığı) korset müalicəsi tətbiq olunur. Xəstə oturduqda və ya ayağa qalxdıqda mütləq korset olmalıdır. Korset sərt və individual olmalıdır. 3 aya qədər korset istifadəsi məsləhət görülür. Onurğa beyni və yumşaq toxumaların zədələnmədiyi sıxılma sınıqlarında korset müalicəsinə üstünlük verilir.

Fəqərə sınığı ilə əlaqəli cərrahi müalicə seçimi:

Onurğa beyni zədələnən xəstələrdə zədələnməyə səbəb olan sümük təzyiqi və onurğa beyni sıxılması kimi vəziyyətlər təcili (travmadan sonrakı ilk 6-8 saatda) əməliyyat edilməlidir. Bu müalicənin erkən tətbiqi xüsusilə qismən iflic olan xəstələrdə çox vacibdir. Çünki qismən iflici olan xəstələrin sağalma şansı daha yüksəkdir. Tam iflici olan xəstələrin sağalma şansı daha az ola bilər. Lakin bu xəstələrin erkən reabilitasiyası üçün onurğa sınığı tez bir zamanda əməliyyat olunmalı və stabilliyi əldə edilməlidir. Məqsəd, sınığın fiksasiya ilə möhkəmlənməsini təmin etmək, onurğa sütununun daha da çökməsinin və onurğa beyni üzərində təzyiqin qarşısını almaqdır. Əgər fəqərənin cismi tam dağılarsa bu halda parçalanmış fəqərə cismi çıxarılır və yaran boşluğa içi sümük qreftləri ilə doldurulmuş titan qəfəslər istifadə edilərək cisim yenidən formalaşdırılır.

Feqere siniginin mualicesi

Onurğa sütununun sınıqları zamanı arxa yanaşma, ön yanaşma və ya hər ikisinin kombinasiyası əməliyyatları tətbiq edilir. Ön yanaşmada fəqərə cisminin titan qəfəslə əvəz edilməsi göstərilmişdir.

Vertebroplastika və kifoplastika: Seçilmiş sıxılma sınıqlarında minimal invaziv cərrahi müalicə metodudur. Yerli anesteziya ilə tətbiq edilir. Dəridə 1 sm kəsiklər vasitəsilə sınan fəqərənin sağ və sol tərəfindən iynələrlə girilərək fəqərə ayaqcıqlarından keçib cismin ön və orta hissəsinə sement (Polimetilmetakrilat) tətbiq edilərək fəqərə möhkəmləndirilir.

Vertebroplastika

Vertebroplastika, kifoplastika və əməliyyat sonrası rentgenoloji görüntülər

Bağlantını kopyala