
Patoloji onurğa sınığı, əlamətləri və müalicəsi
Patoloji onurğa sınıqları nədir?
Bədxassəli şişlər, metabolik sümük xəstəlikləri və digər patologiyalar zamanı müşahidə olunan onurğa sınıqlarına patoloji onurğa sınıqları deyilir. Bütün yaşda olan insanlarda rast gəlsə də, əsasən yaşlı insanlarda daha çox təsadüf edir. Patoloji sınıq adi sınıqlardan fərqli olaraq yüngül zədələnmə nəticəsində əmələ gəlir və aşağıdakı formada təsnif olunur:
Şiş mənşəli
1. Birincili – (xəstəlik birincili sümüyün özündədir və sınan nahiyyəni zəiflədir. Əsasən uşaq və yeniyetmələrdə müşahidə edilir. Bu qrupa fibroz displaziyanı, sümük kistasını, eozinofil qranulomanı və s. göstərmək olar).

Xoşxassəli sümük törəmələrinin patoloji fəqərə sınığına səbəb olması göstərilmişdir.
2. İkincili (metastatik – orqanizmdə inkişaf edən hər hansı bir bədxassəli şişin sümüyə metastaz verməsi – sıçraması zamanı). Süd vəzi, ağciyər, prostat, mədə-bağırsaq sistemi xərçəngləri onurğa sütununa metastaz verir.

Bədxassəli törəmələr fəqərə sınığına səbəb olur.
Metabolik
1. Osteoporoz (sümük strukturunun xüsusilə yaşla əlaqədar olaraq zəifləməsi və öz möhkəmliyinin itirməsi).
2. Hiperparotriodizm (sümük əriməsi-paratiroid vəzinin funksiyasının artması zamanı sümüyü təşkil edən əsas elementlərdən olan kalsiumun sümükdən qana keçməsi nəticəsində).
3. Paget xəstəliyi (bu xəstəlik zamanı sümük normal sümükdən daha zəif olur. Xəstəliyin səbəbi bilinmir).
İrsi xəstəliklər
Natamam osteogenez (osteogenezis imperfecta) – kollagen defisiti ilə bağlı sümüklərin sınığa meylliliyi ilə xarakterizə edilən irsi xəstəlikdir. Ən çox patoloji sınıqara səbəb olan xəstəliklərdən biridir.
İnfeksiyalar
Vərəm (Tuberkuloz), brusella və s. mikroorqanizmalar vasitəsilə onurğada infeksiya görülə bilər. İnfeksiya müalicə edilmədiyi halda onurğa zəyifləyir və sınır. Fəqərə ətrafında abses əmələ gəlir. Vaxtında diaqnoz qoyulmadığı hallarda xəstələrin yuxari və ya aşağı ətraflarının iflic olması (plegiya) müşahidə edilir. Proses davam etdikdə isə mikroorqanizma beyin-onurğa mayesinə keçərək beyin zərlərinin və ya beynin özünün infeksiyasına səbəb olur ki, bu halın ölümlə nəticələnmə ehtimalı 60-80%-dir.
Patoloji sınığın əlamətləri
Xəstəliyin əsas əlaməti patoloji sınıq olan nahiyyədə ağrı, şişkinlik, deformasiya və hərəkət məhdudluğunun olmasıdır.
Patoloji sınığın diaqnozu
Xəstəliyin diaqnozunu çox hallarda rentgenolji müayinə ilə təyin etmək olur. Diaqnozu dəqiqləşdirmək və sınığın etioloji mənşəyini təyin etmək üçün kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, qan analizləri, biopsiya tətbiq edilir. Birincili ocaq varsa, mütləq aşkar edilməlidir.
Patoloji sınıqların müalicəsi
Patoloji sınığın müalicəsində bir sıra amillər nəzərə alınaraq konservativ və cərrahi müalicə taktikası seçilir. Buraya xəstəliyin ağırlıq dərəcəsi, xəstənin yaşı, ümumi vəziyyəti, yanaşı gedən xəstəlikləri, patoloji sınığın lokalizasiyası və s. kimi amilləri göstərmək olar. Əgər patoloji sınıq xoşxəssəli proses zəminində yaranıbsa sınıq cərrahi yolla müxtəlif üsullarla müalicə olunur, sümük defekti varsa, bərpa edilir. Bədxəssəli şiş zəminində əmələ gələn sınıqlar daha kompleks müayinə və müalicə tələb edir.

Patoloji sınığın arxa cərrahiyyə metodu ilə fiksasiya edilməsi göstərilmişdir.