Ayaq eyriliyi, diz eyriliyi nedir?

Uşaqlarda diz deformasiyaları (Ayaq əyriliyi)

09 Dekabr 2020
Dr. Elviz Qasımov

Diz deformasiyaları haqqında ümumi məlumat

Diz əyriliyi diz oynağını əmələ gətirən bud və qamış sümüklərin «X»- və ya «O»-şəkilli deformasiyası və ya baldırın yumşaq toxumalarının qeyri-mütənasib paylanması nəticəsində ayaqların düzgün konturunun pozulması ilə xarakterizə olunur. Bu deformasiya sadəcə bud və ya qamış sümüyünün əyri olması ilə də yaranır. Diz əyriliyi yalnız kosmetik qüsur hesab olunmur, bud və diz oynaqlarının bərabər şəkildə yüklənməsini pozaraq, osteoartroz və ya qonartrozun inkişafına gətirib çıxara bilər.

Dizin Valgus-Varus deformasiyaları

Dizin valqus (O) deformasiyasında dizlər bir-birinə dəyir, varus (X) deformasiyasında isə dizlər bir-birindən uzaqlaşır.

Normal, valqus və varus dizlərin görünüşü

Düzgün aşağı ətraf bud-çanaq oynağının başından çəkilən xəttin diz qapağının ortasından keçməklə I və II ayaq barmaqları arasında sona çatması ilə xarakterizə olunur. Bu xətdən kənara çıxmalar ətrafların normal biomexanikasını pozur. Ayaqların ideal forması diz oynaqları və baldırın yuxarı 1/3 hissəsi, eləcə də topuq nahiyəsinin  daxili iyşəkilli konturları ilə səciyyələnir.

Diz əyriliyi hansı formalarda rast gəlinir. Təsnifat

Diz əyriliyi həqiqi və yalançı ola bilər.  Həqiqi əyrilik qamış sümüyünün deformasiyası ilə bağlı aşağı ətrafların quruluş xüsusiyyəti sayılır, onun 2 variantı ayırd edilir: valqus  («X»-şəkilli)varus («О»-şəkilli).

Valqus əyriliyində ayaqlar «X» hərfini xatırladır. Baldırların xaricə doğru cüzi əyilməsi norma sayılır və kişilərdə 5 -7°, qadınlarda isə 10° təşkil edir. Ayaqların «X»-şəkilli formasında əyriliyin xarici bucağı normadan artıq olur, diz oynaqlarının birləşdirilməsi zamanı topuqların həddindən artıq aralanması müşahidə edilir.

Varus əyriliyində ayaqlar «О» hərfinin konturlarını əmələ gətirir. Bu tip diz əyriliyi topuqdan başlayaraq, aralığa qədər daxili konturun pozulması ilə özünü büruzə verir. Varus əyriliyinin 2 forması vardır: önə açılan bucaq və zirvə əyriliyinin arxaya yönəlməsi ilə rekurvasiya edən ayaqlar; arxaya açılan bucaq və zirvə əyriliyinin önə istiqamətlənməsi ilə kifozlaşan ayaqlar.

Dizlərin həqiqi əyriliyi yerimə funksiyası və pəncənin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Varus əyriliyi pəncənin valqus deformasiyası və ikincili yastıpəncəliyin inkişafına gətirib çıxarır. Ayaqların valqus əyriliyində yastipəncəliyə daha çox rast gəlinir.

Yalançı əyrilik sümük deformasiyası olmadan baldırın yumşaq toxumalarının qeyri-mütənasib paylanması nəticəsində formalaşır. Belə hallarda ayaqları cütləşdirib dayandıqda baldır nahiyəsində yumşaq toxumalar arasında məsafə izlənilir. Ayaqların yalançı əyriliyi sadəcə estetik qüsur sayılır və baldır əzələlərini məşq etdirməklə aradan qalxır. Ağır dərəcəli qüsurlarda yumşaq protezlərin implantasiyası məqsədəuyğundur.

Diz deformasiyaları hansı səbəblərdən baş verir?

Diz əyriliyi anadangəlmə və ya qazanılmış olur. İkinci halda qüsur uşaqlıq dövründə ağır formalı raxit, sümüklərin iltihabi xəstəlikləri, maddələr mübadiləsinin pozulması ilə əlaqədar formalaşır. Anadangəlmə diz əyriliyi irsi amillər, dölün ana bətnində havasız qalması və vaxtından əvvəl doğulması, hamilə qadının xəstəlikləri zamanı inkişaf edə bilir. Mineral və maddələr mübadiləsinin digər növlərinə təsir edən xəstəliklər dayaq-hərəkət aparatının sümük, qığırdaq və əzələ toxumalarının anadangəlmə deformasiyalarını daha da dərinləşdirərək, ayaqların əyilmə dərəcəsini artırır. Bu səbəbdən uşaqlar erkən dövrlərdən ortopedin nəzarəti altında olmalıdır.

Yeniyetmə dövründə qidada kalsium və D vitamini çatışmazlığı, təmiz hava və günəş şüalarının kifayət qədər qəbul edilməməsi, pəncənin qeyri-adekvat yüklənmələri baldır sümüklərinin əyilməsinə gətirib çıxarır. Böyüklərdə diz deformasiyası halının ən çox rast gəlinən səbəblərinə travma, bud-çanaq və diz oynaqlarında patoloji proseslər aiddir.

Diz əyrliyinin müalicəsi

Diz əyriliyi kimi problemi yalnız idman hərəkətləri etməklə bərpa etmək demək olar ki, mümkün deyil. Baldırların kontur plastikası (yumşaq protezlərin tətbiq edilməsi) bu nahiyyənin əzələlərinin natamam inkişafı, deformasiya və asimmetriyası zamanı tətbiq edilir. Diz əyriliyi problemini kontur plastika və ya implantasiya ilə korreksiya etmək mümkün olmadıqda ortopedik əməliyyatlar icra edilir.

Cərrahi müalicə korreksiyaedici osteotomiya – sümüyün kəsilməsi ilə düzəldilir və fiksasiya edilir. Bu üsulla əyriliyi korreksiya etməklə yanaşı, həm də boyun uzanmasına nail olunur.

Osteotomiya prosesində sümük pazvari kəsilir, sonra düzgün yerləşdirilir və titan lövhə və vintlərlə fiksə olunur. Varus və ya O-şəkilli əyrilik zamanı qamış sümüyü, valqus və ya X-vari əyrilikdə isə büd sümüyünə osteotomiya edilir. Diz oynağının stabilliyini artırmaq məqsədilə osteotomiya əksər hallarda rekonstruktiv xondroplastika ilə birgə aparılır. Rekonstriktiv əməliyyatlar sümük toxuması və orqanizmin böyüməsi başa çatdıqdan (18 yaşdan) sonra aparılmalıdır.

Varus diz deformasiyasının osteotomiya və fiksasiya ilə düzəldilməsi əməliyyatı təsvir edilmişdir.

Bağlantını kopyala