Karpal Tunel sindromu nedir?

Karpal Tunel Sindromu nədir və müalicəsi

08 Dekabr 2020
Dr. Elviz Qasımov

Karpal tunel sindromu nədir?

Karpal tunel sindromu (Karpal – Əl-bilək) ilk dəfə 1854-cü ildə Paget tərəfindən təsvir edilmişdir. Klinik gedişi və cərrahi üsulları haqqında ətraflı məlumat Phalen tərəfindən verilmişdir (1856). Karpal tunel sindromu orta sinirin bilək səviyyəsində sıxılması kimi təyin olunur və yuxarı ətrafın ən çox görülən tələ neyropatiyasıdır.

Karpal tunel sindromu haqqinda melumat

Anatomiya

Karpal tunel sindromu diaqnozunu digər median neyropatiyalar, kök sıxılması və braxial pleksus zədələnmələrindən ayırmaq üçün orta sinir və karpal tünelin (KT) anatomiyası bilinməlidir. KT-in yan hissəsində skafoid və trapezium, medialda hamat və pisiform sümüklər var və bu quruluşun əmələ gətirdiyi tağın dibi eninə karpal bağ ilə örtülmüşdür. Fleksor retinakulum eninə karpal bağı əhatə edir. Dörd dərin bükücü, dörd səthi bükücü, baş barmağın uzun bükücü (FPL) vətərlər və orta sinir bu tuneldən keçir. Bu sinir baş, işarət, orta barmaqlar və  üzük barmağının yan yarısının hissiyyatını və saidin orta əzələlərinin motor innervasiyasını təmin edir.

Karpal tunel sindromunun əmələ gəlməsində bir çox etioloji səbəb var. Bunlar altı əsas qrupa bölünür:

  • KT həcmini azaldan səbəblər
  • Kanaldaxili strukturların həcminin artması və ya kanal daxilində əlavə strukturların olması
  • Neyropatik problemlər
  • İltihablı səbəblər (tendonların sinoviti və s.)
  • Maye balansının pozulması
  • Xarici təzyiqlər

Karpal tunel sindromu 30-50 yaş  arasında daha çox  görülür. Qadın-kişi nisbəti 3/1-dir. Sistemik xəstəliklərlə bərabər görülür (Şəkərli Diabet, Quatr, Hipertoniya, Böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı və s.). Hamiləlik zamanı görülən Karpal tunel sindromu doğuşdan sonra geriləyir. Sindrom zamanı artmış tunel təzyiqi sinirin qan dövranını pozur və funksiyasının pisləşməsinə səbəb olur.  Karpal tunel sindromunda xəstə baş barmaq, işarə barmağı, orta barmaq və üzük barmağının radial hissəsində uyuşma və ağrıdan şikayət edir. Daha ağır hallarda əzələlərdə atrofiya və zəiflik meydana gəlir.

Diaqnoz necə qoyulur?

Diaqnoz üçün xəstənin tarixi, fiziki müayinə testləri və elektrofizioloji tədqiqatlardan istifadə olunur. Karpal tunel sindromunda xəstələrdə uyuşma, ağrı, xüsusilə gecə yuxudan oyandıran ağrı, düymələrin bağlanmasında və kiçik əşyaların tutulmasında çətinliklər kimi şikayətlər  görülür. Bu şikayətlər əl qaldırmaq, sükanı istifadə etmək, telefonu qulağa tutmaq kimi fəaliyyətlərlə artır.

Müayinə

Provokativ (şikayət yaradan) testlər Karpal tunel sindromunun diaqnozunda böyük əhəmiyyətə malikdir.  Bu testlər:

Tinel testi:

Median sinirin bilək səviyyəsində yerləşdiyi  nahiyyədə eninə karpal bağ üzərinə vurmaqla orta sinir tərəfindən innervasiya edilən sahələrdə uyuşma və elektriklənmə kimi şikayətlər olarsa pozitiv olur.

Phalen testi:

Hər iki bilək bir-birinə yaxınlaşdırılır və 90º fleksiyaya gətirilir və bu vəziyyətdə xəstə 60 saniyə gözləyir.  Sonra median sinir hissiyyat sahəsindəki uyuşma və s. simptomlar testin müsbət olduğunu göstərir.  Bununla birlikdə Phalen testi, Tinel testindən daha az pozitiv olur.

Durkan testi:

Başqa bir provokativ test həkimin hər iki baş barmağını bir-birinin üstünə qoyaraq və xəstənin eninə karpal bağına 30 saniyə təzyiq tətbiq etməklə aparılır.  Bunun nəticəsində simptomların meydana gəlməsi testin müsbət olduğunu göstərir.

EMQ (Elektromioqrafiya) testi:

Median sinir keçiriciliyini ölçən bir testdir. Karpal tunel sindromu olanlarda sinirin ötürücülüyü ya azalır yada tam kəsilir.

Karpal tunel sindromunun müalicəsi

Müalicə növü xəstəliyin şiddətindən asılıdır.  Simptomların yüngül formada olduğu və əzələ atrofiyası olmadığı hallarda, KT-ə steroid inyeksiyası (inyeksiya birbaşa sinirə vurulmamalıdır), qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) və gecə ortezləri bağlamaq konservativ müalicə olaraq tətbiq olunur. Fizioterapevtik prosedurlar da istifadə edilir. Xəstələrin 10%-i bu müalicədən faydalanır. Steroid inyeksiyası ayırıcı diaqnoz vasitəsi kimi də istifadə oluna bilər.  Belə ki, torasik çıxış sindromu, servikal disk yırtığı, karpal tüneldəki şiş və ya kanaldaxili osteofit varlığı kimi başqa bir səbəb etiologiyada rol oynayarsa, inyeksiya faydalı olmayacaqdır. Konservativ müalicə yüngül və orta mərhələ Karpal tunel sindromunda faydalı olduğu halda, ağır hallarda cərrahi müalicəyə üstünlük verilir.

Cərrahi müalicə konservativ müalicənin kömək etmədiyi və ağır Karpal tunel sindromu hallarında aparılmalıdır. Bu müalicənin məqsədi eninə karpal bağın kəsilməsi və karpal tünelin rahatlanmasıdır.  Cərrahiyyədə ən vacib məsələ eninə karpal bağın tamamilə sərbəstləşdirilməsi ilə sinir üzərindəki təzyiqin götürülməsidir.

Karpal Tunel Sindromu emeliyyati

Karpal Tunel Sindromu əməliyyatı və təsviri

Bağlantını kopyala